AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Metro stansiyalarının adları ilin sonunadək dəyişəcək?

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakı şəhərində metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub.  Bu barədə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib. Amma bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

“Modern.az”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Bakı Metropolitenində stansiya adlarının dəyişdirilməsi ilə bağlı prosedur belə izah edib:

Bakı  Metropoliteni QSC-nin rəhbərliyi tərəfindən Nazirlər Kabineti yanında fəaliyyət göstərən adqoyma komissiyasına müraciət edilir. Bu müraciət əsasında stansiya adlarının dəyişdirilməsi prosesi həyata keçirilir.

O bildirib ki, sonuncu dəfə Koroğlu stansiyasının adı dəyişdirilib.

“Ondan əvvəl də bir sıra metro stansiyalarının adları dəyişdirilib. Hazırda da müəyyən gözləntilər var, lakin dəqiq məlumat yoxdur ki, Metropoliten rəhbərliyi tərəfindən Nazirlər Kabinetinə, müvafiq komissiyaya bu məsələ ilə bağlı müraciət olunub, ya yox”.

Millət vəkili əlavə edib ki, sözügedən məsələ ictimai fikirdə zaman-zaman müzakirə olunur və diqqətə gətirilir:

“Yeni stansiyaların açılması da gözlənilir və bununla bağlı artıq məlumatlar verilib. Təbii ki, bəzi stansiya adlarının yenilənməsinə ehtiyac olduğu ilə bağlı bir sıra fikirlər də mövcuddur”.

Deputat vurğulayıb ki, ictimai rəy və cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən prosedurlar var, qeyd edilən məsələ ictimailəşirsə, təbii ki, aidiyyəti qurumlar tərəfindən də müvafiq addımların atılması istisna edilmir”,-  deyə o fikrini tamamlayıb.