AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Amnistiya ilin sonunda elan oluna bilər

Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir. 

Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub. Konstitusiyanın 95-ci maddəsinə əsasən, amnistiya aktını qəbul etmək səlahiyyəti Milli Məclisə məxsusdur.

Əvvəlki illərin təcrübəsinə əsasən, amnistiya ən çox sosial həssas qrupları əhatə edir. Azyaşlı uşağı olan qadınlar, hamilə və ya yaşlı məhkumlar, sağlamlıq imkanları məhdud şəxslər, eləcə də az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəza çəkənlər bu kateqoriyaya daxildir. Bundan başqa, cəzasının böyük hissəsini çəkmiş, islah olunma əlamətləri göstərən şəxslər, cəzasının bitməsinə bir il qalmış məhkumlar, yetkinlik yaşına çatmayanlar, şəhid ailələrinin üzvləri, müharibə veteranları və qazilər də amnistiyadan yararlana bilərlər.

Məlumata görə, ilin sonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni amnistiya aktının qəbul edilməsi yüksək ehtimal kimi qiymətləndirilir. Bu qərar dövlətin humanist siyasətinin davamı olmaqla yanaşı, həm də cəmiyyətə ünvanlanmış mühüm bir ismarış olacaq. Belə bir addım həm sosial ədalət prinsiplərinin qorunması, həm də dövlət-vətəndaş münasibətlərində etimad mühitinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli sayılır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ilin əvvəlindən başlayaraq ictimai müzakirələrdə bu mövzu dominantlıq təşkil edir: “Bu il ərzində amnistiya elan oluna və əfv sərəncamı imzalana bilər. Ehtimallar kifayət qədər yüksəkdir. Düşünürəm ki, ilin sonuna kimi amnistiya aktı reallaşa bilər. Təbii ki, bu, Prezidentin müstəsna hüququdur, əfv sərəncamı ilə müəyyən qisim insan əfv edilə bilər. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası mütəmadi olaraq bu məsələ ilə bağlı işləyir. 

Təxmini aldığımız bəzi məlumatlar da var. Bu baxımdan bu qənaətdəyəm ki, ilin sonuna kimi əfv sərəncamı və ya amnistiya reallaşacaq”.