AMİP-30

Etibar Məmmədovla İsa Qəmbərin mübahisəli RAZILAŞMASI: Nə, necə və nə vaxt… – AMİP nə deyir?

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub müxalifətdə də qalmaqal yaradıb.  

Belə ki, onun məktubunda 50 nəfərlik “Dövlət Şurası” yaratmaq təklifi geniş müzakirələrə səbəb olub və 2003-cü il hadisələrini də gündəmə gətirib.

Sözügedən məsələ ilə bağlı Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının çıxışı da diqqət çəkib: 

“Mehdiyevin bu ideyası yeni deyil. Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. “Dövlət Şurası” sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli bənzərdir”.

Medianın diqqətini cəlb edən bu məsələyə AMİP lideri Etibar Məmmədovun reaksiyası çox qısa olub. O, Arif Hacılının “cəfəng adam” olduğunu və belə adamlara cavab vermədiyini bildirib. 

Həmçinin, onun bu iddiaları da cəfəngiyyat adlandırıb.

Bu cavabdan sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər də özünün sosial şəbəkə hesabında bu barədə yazıb və bildirib ki, 2003-cü ilin oktyabrında- prezident seçkilərinə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və onun namizədliyini dəstəkləməsi müqabilində təklif irəli sürüb:

“Məndən seçiləcəyim təqdirdə a) Baş nazir vəzifəsini, b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını, c) onun Dövlət Şurasına sədr təyin edilməsini, d) Xarici İşlər Nazirliyinin və bütün güc strukturlarının Dövlət Şurası sədrinə – yəni ona tabe etdirilməsini və s. tələb etdi.

Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun Baş nazir təyin olunmasını məqbul sayıram, digər tələblər isə məntiqə və Konstitusiyaya uyğun deyil.

Mən orda Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi gerçək görünmür”.

İsa Qəmbərin bu paylaşımı məsələni bir daha gündəmə gətirdiyi üçün AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadədən “Cebheinfo.az”  olaraq məsələyə münasibət öyrəndik:

 AMİP sədri deyilənləri təkzib etdi: 

“Əslində, Arif Hacılının fikirlərinə Etibar bəyin cavabı bəs edir. Lakin çox təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də eyni fikri səsləndirib. Bu, cəmiyyəti yanıltmaqdır. Çünki reallıqda belə bir şey baş verməyib. Etibar Məmmədovun 2003-cü ildə İsa Qəmbərlə razılaşdırdığı sənəd tamamilə başqa olub. Razılıq verən İsa Qəmbər sadəcə 2 saat sonra razılaşmanı pozub. Bu sənədin hazırlanmasında bilavasitə Qulamhüseyn Əlibəyli və Qurban Məmmədov da iştirak ediblər”. 

Partiya sədri qeyd edib ki, Etibar Məmmədov “Dövlət Şurası”nın yaranmasını təklif etməyib: 

“O, İsa Qəmbərə Prezident və ya Baş nazir vəzifəsindən birini seçməyi təklif vermişdi. İsa Qəmbər prezidentliyi seçsə də, daha sonra Rəsul Quliyevlə danışaraq razılaşmanı pozdu. Nəticə də göz qabağındadır. 15 oktyabrda baş verən hadisələr və İsa Qəmbərin 1 ay evindən çıxmamasını hamı xatırlayır. İnsanları savadsız və biliksiz zənn edərək hadisələri təhrif olunmuş formada təqdim etmək siyasətçilərə yaraşan addım deyil. 

Hesab edirəm ki, birdən-birə Arif Hacılı və İsa Qəmbərin bu məsələdə Etibar Məmmədovun adını hallandırması Ramiz Mehdiyevi kənarda qoymaq, ona tuşlanan hədəfləri yayındırmaq məqsədi güdə bilər. Əfsuslar olsun ki, partiya rəhbərliyində olan şəxslər yaxın keçmişdə olan hadisələri tamam fərqli rakursdan təqdim etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar”.