AMİP-30
arzuxan

“Azərbaycan Konstitusiyası bu gün artıq suverenlik və idarəetmənin hüquqi bir modeli kimi çıxış edir” – RƏY

Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 ili tamam olur. Ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan bu gün 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə daha da xüsusi məna qazandı. Bu qərar Azərbaycanın müstəqil dövlət kimi inkişaf yolunda hüquqi və suveren əsaslarını möhkəmləndirməyə yönəlmiş addım kimi dəyərləndirilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında mövzu ilə bağlı öz fikirlərini bölüşüb. O xatırladıb ki, bu il 1995-ci il noyabrın 12-də qəbul edilmiş konstitusiyamızın 30 ili tamam olur:

“Eyni zamanda biz 2023-cü ildə suverenliyimizi, ərazi bütövlüyümüzü tam olaraq bərpa etmişik. Bu baxımdan Azərbaycan Prezidenti bu ili “Konstitusiya və Suverenlik” ili elan edib. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti formatında Şərqdə ilk demokratik respublika olaraq mövcud olub. Sonradan 1991-ci ildə müstəqilliyimizi bərpa etdik. Bu dövrdən başlayaraq Azərbaycanın müstəqil dövlət olaraq inkişafı prosesi baş verməkdədir. Təəssüflər olsun ki, elə müstəqilliyin ilk illərində işğal faktı ilə rastlaşdıq. Ermənistan təcavüzü və ona dəstək verən güclər faktiki olaraq Azərbaycanın müstəqil dövlət olaraq inkişafını əngəlləmək siyasəti yürütməkdə idilər. Regionda çox ciddi kataklizmlər baş verirdi. Amma nəticə etibarilə 2020-ci ildə, İkinci Qarabağ savaşında möhətəşəm qələbə ilə ərazi bütövlüyümüzü bərpa etdik və ondan sonrakı dönəmdə ərazi bütövlüyümüz, suverenliyimiz tam olaraq bərpa edildi”.

Deputat xatırladıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib: “O zaman biz SSRİ dönəmində mövcud olmuş 1978-ci il konstitusiyası müddəaları ilə idarə olunan ilkin dövlət idik. Sonradan 1994-cü ildə artıq Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya Komissiyası formalaşdırıldı və Müstəqil Azərbaycanın ilk konstitusiyası hazırlanaraq təqdim olundu. 1995-ci il noyabrın 12-də referendumla Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi və bu gün həmin konstitusiyanın 30-cu ili tamam olur. Bu dövr ərzində konstitusiyaya 3 dəfə referendumla müvafiq düzəlişlər edilib. Bu gün Azərbaycan müstəqil suveren və ərazi bütövlüyünə yiyələnmiş və qanunlarla idarə olunan hüquqi dövlətdir”.

A.Əlizadə qeyd edib ki, Azərbaycan Konstitusiyası həm də beynəlxalq normaları və prinsipləri özündə ehtiva edir: “Bir çox məsələlərdə biz insan hüquqları, hüquq və azadlıqları və digər məsələlərlə əlaqədar Azərbaycan Konstitusiyasında müddəalar öz əksini tapıb. Dünyada mövcud olan dövlətlərin hər birinin konstitusiya ənənəsi var. Azərbaycan da bu ənənələrə malikdir. Qısa müddətdə olsa da tarix üçün yeni qurulmuş, yenidən bərpa olunmuş dövlət üçün 30 il elə də böyük müddət olmasa da, biz bu illər ərzində inkişaf yolu keçmişik, torpaqlarımızı işğaldan azad etmişik, iqtisadiyyatımızı gücləndirmişik. Təkcə ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməmişik, eyni zamanda regionun xəritəsini dəyişmişik”.

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın artıq regionda güc və söz sahibi olması həm region dövlətlər, həm də böyük güclər tərəfindən qəbul edilməkdədir: “Bütün bunlar Azərbaycanın Konstitusiyasında öz əksini tapıb. Hüquqi müstəvidə dövlət quruculuğu sahəsində atılmış addımlarla əldə edilib. Hüquqi dövlət quruculuğunda Azərbaycan Konstitusiyasının əhəmiyyətli rolu var və 30 il bundan əvvəl qəbul edilmiş konstitusiyamız ondan sonra ilk dəfə edilmiş əlavələrlə bu gün də qüvvədədir. Biz konstitusiyamızın 30 illiyini qeyd edəcəyik. Həyat davam edir, hər şey inkişafdadır. Bu inkişaf prosesinin yeni reallıqları fonunda bu və ya digər müddəalarda əlavə dəyişiklik və düzəlişlər edilə bilər və bu, gözləniləndir. İstisna edilmir ki, yaxın zamanlarda idarəetmə və digər məsələrlə bağlı konstitusiyamız bir qədər də zənginləşdirilsin, yeni dövrün tələblərinə uyğun yeni müddəalar qəbul edilsin. Amma istənilən halda Azərbaycan konstitusiya və qanunlarla idarə olunan hüquqi və sivil dövlətdir”.