“Cenevrə danışıqları Avropa üçün uğurlu olub”-Almaniya XİN
ABŞ və Ukrayna arasında Rusiya ilə müharibənin dayandırılması ilə bağlı 28 bənddən ibarət plana dəyişikliklərin edilməsi ilə əlaqədar Cenevrədə aparılan danışıqlar Avropa üçün möhtəşəm uğurla nəticələnib.
Xarici işlər naziri qeyd edib ki, Avropa tərəfdaşları lap əvvəldən hər hansı bir sazişin Avropa və Ukraynanın maraqları nəzərə alınmadan imzalanmamasının qəti tərəfdarı olublar.
Mövzu ilə bağlı politoloq Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı zərbələrlə bağlı məhdudiyyətlər gündəmdən çıxarılır:
“Trampın təklif etdiyi 28 bəndlik ilkin plan, demək olar ki, Ukraynanın kapitulyasiyasına bərabər bir sənəd idi və bu sənədin qəbul edilməyəcəyi əvvəlcədən gözlənilən idi. Çünki belə bir sənədə heç bir Ukrayna siyasi rəhbəri imza ata bilməzdi. Bu, siyasi intihar və dövlətin gələcək mövcudluğunu sual altına qoymaq demək olardı.Cenevrədə aparılan danışıqlarda həmin ilkin variant üzərində ciddi korrektələr edilib. Mən bunu “möhtəşəm uğur” saymasam da, istənilən halda əvvəlki təkliflə müqayisədə daha məqbul çərçivə formalaşdırılıb. Artıq Ukraynaya ultimatum kimi irəli sürülən bir çox bəndlər gündəmdən çıxarılıb. Məsələn, Ukrayna ordusunun sayının ciddi azaldılması, Zaporijye AES-in statusu, əsir mübadiləsi formatı kimi məsələlərdə daha balanslı mövqe sərgilənir. Ən vacib məqam ərazi məsələsi və Ukrayna Konstitusiyasına müdaxilə tələbləri də qəbul edilməz hesab olunur və bu mövzular Zelenski ilə Tramp arasında ayrıca müzakirə olunacaq. Qərb mediası da qeyd edir ki, ilkin layihə ilə hazırda işlənən variant arasında ciddi fərqlər var. Avropa ölkələri xüsusilə Ukrayna ordusunun 100 minə endirilməsi və hazırkı təmas xəttinin Rusiya ərazisi kimi tanınması kimi tələblərin mümkünsüz olduğunu açıqlayıblar. Bundan başqa, Ukraynaya kompensasiyanın Rusiyanın dondurulmuş aktivləri hesabına ödənilməsi də Avropanın tələbidir.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da bildirib ki, Rusiya Ukraynadan güzəşt tələb etmək hüququna malik deyil və yaradılacaq sənəd həm ədalətli, həm də davamlı olmalıdır. Yeni variantda NATO-nun genişlənməsindən imtina tələbi yoxdur, Ukraynanın gələcək NATO üzvlüyü perspektivi saxlanılır, Rusiyaya qarşı zərbələrlə bağlı məhdudiyyətlər gündəmdən çıxarılır. İşğal olunmuş ərazilərin Rusiyanın ərazisi kimi tanınması tələbi də sənəddən çıxarılıb”.
Ekspertin sözlərinə görə, ən vacib məsələ müharibənin dayandırılması və atəşkəsə nail olunmasıdır:
“1994-cü il Budapeşt Memorandumunu xatırlatmaq vacibdir. ABŞ, Böyük Britaniya və digər ölkələr Ukraynanın ərazi bütövlüyünə təminat vermişdilər. Amma bu gün Ukrayna torpaqlarının Rusiyanın ərazisi kimi tanınmasının tələb olunması beynəlxalq hüququn iflasını göstərir. Kim zəmanət verə bilər ki, belə bir sənəd imzalandıqdan sonra Rusiya üçüncü dəfə hücum etməyəcək? Ukrayna 2014 və 2022-ci illərdə iki dəfə hücuma məruz qalıb. Yeni sənəd mütləq şəkildə Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü və konstitusion müddəalarının toxunulmazlığını təmin etməlidir. Konstitusiyada dəyişiklik xalqın iradəsi olmadan mümkün deyil. Azərbaycan nümunəsi göstərir ki, uzun illər sonra belə olsa, işğalla barışmamaq və güc toplamaqla ərazi bütövlüyünü bərpa etmək mümkündür. Ukrayna üçün də oxşar uzun yol görünür. Hazırkı mərhələdə ən vacib məsələ müharibənin dayandırılması və atəşkəsə nail olunmasıdır. Artıq milyonlarla insan həyatını itirib, mülki əhali hədəf olub. Atəşkəs Ukrayna üçün indiki mərhələdə müəyyən uğur hesab oluna bilər. Əsl uğur isə o zaman olacaq ki, Ukrayna gələcəkdə öz beynəlxalq tanınmış ərazilərinə tam nəzarəti bərpa edə bilsin. Bunun üçün Rusiyanın zəifləməsi və Qərbin xüsusilə də Budapeşt Memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir.Əsas arzu budur ki, Ukrayna xalqı tezliklə sülh tapsın və gələcəkdə öz suverenliyini tam bərpa edə bilsin”.