AMİP-30

Afsəddin Nəbiyev: “Bu əməkdaşlıq yalnız siyasi deyil, həm də texnoloji və hərbi baxımdan strateji əhəmiyyət daşıyır”

Prezident İlham Əliyev Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açıldığını bəyan edib. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən ikitərəfli münasibətlərin zəngin tarixi olduğunu deyib.

Prezident iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Dövlət başçısı hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Göründüyü kimi, Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanması rəsmən təsdiq edildi. Bu, Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanması Azərbaycanın təhlükəsizlik sistemini gücləndirəcək: “Ordu quruculuğunun beynəlxalq reytinqinə müsbət təsir göstərəcək və yeni imkanlar açacaq. Prezident İlham Əliyevin Böyük Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu əməkdaşlıq yalnız siyasi deyil, həm də texnoloji və hərbi baxımdan strateji əhəmiyyət daşıyır. Ordu reytinqini araşdıran “Global Firepower” indeksinə görə Böyük Britaniya dünyanın ən güclü orduları sırasında ilk onluqdadır. Bu, Azərbaycanın yüksək səviyyəli hərbi təcrübə və texnologiyalardan faydalanması deməkdir. Müasir silah sistemləri, müdafiə texnologiyaları və istehsal sahəsində Britaniya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin modernləşməsinə təkan verəcək. Azərbaycan qardaş Türkiyə ilə müdafiə sahəsində sıx əməkdaşlıq edir. Böyük Britaniya ilə paralel əməkdaşlıq isə balanslı və çoxşaxəli müdafiə siyasətinin formalaşmasına səbəb olacaq. Müasir texnologiyaların tətbiqi Azərbaycanın milli təhlükəsizlik sistemini gücləndirəcək, ordu quruculuğunun beynəlxalq reytinqinə müsbət təsir göstərəcək. Birgə təlimlər, pilotsuz uçuş aparatları, müasir PUA texnologiyası, hərbi təcrübə, strateji müttəfiqlik mühüm əhəmiyyət kəsb edir. Böyük Britaniya NATO üzvü olaraq yüksək texnologiyalı silah sistemlərinə malikdir. Müdafiə sənayesinin modernləşməsi, beynəlxalq etimadın artması fonunda, Azərbaycan həm Türkiyə, həm də Böyük Britaniya ilə əməkdaşlıq edərək regional güc balansında mövqeyini möhkəmləndirəcək. Müdafiə sənayesinin inkişafı daxili istehsal gücünü artıracaq, idxaldan asılılığı azaldacaq. Böyük Britaniya kimi güclü dövlətlə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq və yeni tərəfdaşlıqlara yol açacaq. Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycanın ordu quruculuğuna əlavə təkan verəcək. Ölkəmizin güclü ordular cərgəsindəki reytinqinə müsbət təsir göstərəcək”.