AMİP nümayəndə heyəti Vaşinqtonda nüfuzlu Beynəlxalq Demokrat İttifaqı Forumunda iştirak edir – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi AMİP-in tam hüquqlu üzvü olduğu Beynəlxalq Demokrat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilən İDU-2025 Forumunda iştirak edir.
Forumda sağ mərkəz yönlü partiyaların nümayəndələri, hazırkı və sabiq hökumət və dövlət başçıları, konqresmenlər, senatorlar, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, tanınmış ekspertlər, və siyasətçilər istirak edirlər.
Bu mötəbər tədbirdə
AMİP-i partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə, Qadın təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil edir. Forumun ilk günündə ABŞ Respublikaçılar partiyasının rəhbərliyi və Ağ Ev Adminstrasiyasının nümayəndələri Forum iştirakçılarını salamlamışlar. Forumun gedişatında təşkil olunan panellərdə dünyada gedən proseslərlə bağlı müzakirələr aparılıb. Konfliktlər, Rusiya Ukrayna müharibəsi, Aİ – Rusiya, ABŞ – Rusiya münasibətləri, təhlükəsizlik siyasəti, həmçinin iqtisadi münasibətlər əsas müzakirə predmeti olub. Forumun ilk günü ABŞ-ın Milli Təhlükəsizlik üzrə sabiq müşaviri (2019-2022-ci illər), hazırda ABŞ prezidenti yanında Kəşfiyyat və Məşvərət Şurasının üzvü Robert C. O’Brien çıxışında Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesinin vacibliyi və ABŞ-ın bu prosesə verdiyi dəstəyi xüsusi qeyd edib. Forumdan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının növbəti İcraçı toplantisı keciriləcək. Toplantının gündəliyinə digər məsələlərlə yanaşı AMİP-in təqdim etdiyi, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin bərqərar olmasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, 8 avqustda Vaşinqtonda razılaşdırılıb təsdiq olunmuş sənədlərin reallaşdırılması və Zəngəzur dəhlizinin (TRİPP) açılmasının vacibliyini özündə əks etdirən Qətnamə layihəsi salınıb.
AMİP nümayəndə heyəti ölkəyə qayıtdıqdan sonra Beynəlxalq tədbirlə bağlı ətraflı məlumat veriləcəkdir.


