Arzuxan Əlizadə: “Ərazi bütövlüyü və suverenliyimizi təmin edəndən sonra bizim üçün müharibə səhifəsi bağlandı”
Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox vacib və müsbət bir hadisədir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: taxıl Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb.
Bunu Berlində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən İrəvana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına toxunarkən deyib.
Paşinyan bildirib ki, bu, müstəqil Ermənistanın tarixində görünməmiş bir hadisədir: “Ermənistan həm siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarını açmağa və öz ərazisindən keçməsinə icazə verməyə hazırdır. Əminəm ki, sülhün bərqərar olması üçün gündəlik çalışmaqla, Vaşinqton bəyannaməsinin mətninə və ruhuna riayət etməklə və bu prosesi poza biləcək fikirləri rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü təsis edə biləcək”.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, iki ölkə arasında problemlərin həlli istiqamətində atılan addımların kökündə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi dayanır: “Bəli, Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması böyük hadisədir. Bir çoxları bunu gözləmirdi, o cümlədən ermənilər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edəndən sonra bizim üçün müharibə səhifəsi bağlandı. Ötən 30 ildə Ermənistan ona görə təcrid vəziyyətində idi ki, ortada işğal amili var idi. Ərazilərimiz işğal edilmişdi və Ermənistan bir qarış da torpağımızı vermirdi. Nəticədə Ermənistan dalan vəziyyətə düşdü. Regionda həyata keçirilən böyük enerji və nəqliyyat layihələrindən kənarda qaldı. Həmin xətlər Gürcüstandan keçdi və bu ölkə tranzit daşımalardan milyonlar qazandı. Halbuki, zamanında Ermənistan ərazilərimizi azad etsəydi, bu layihələrdə yer alardılar. Ona görə də Ermənistan bu məsələdə itirən tərəf oldu. Azərbaycanın xoşməramlı siyasəti revanşist dairələrə də güclü zərbə vurdu. Çünki onlar bəyan edirdilər ki, Azərbaycan istəklərinə çatsa da, Ermənistanı blokadada saxlayacaq, tranzit daşımalara imkan verməyəcək və s. Rəsmi Bakının atdığı məlum addımlar bütün bu narrativləri darmadağın etdi. Məlum oldu ki, Azərbaycan sülh səhifəsini açaraq qarşılıqlı etimadın qurulmasında qərarlıdır. Çünki Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistanla normal münasibətlərin qurulmasının tərəfdarıdır. Normal münasibətlər regional sabitliyə də öz töhfəsini verir”.