AMİP-də Qərbi Azərbaycan Departamenti yaradıldı
Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) mühüm struktur yenilikləri edilib. Partiyanın Ali Məclisinin iclasında nizamnaməyə uyğun olaraq müvafiq komissiyaların və departamentlərin yaradılması haqqında qəbul edilmiş qərarın icrası ilə bağlı dekabrın 26-da keçirilən AMİP Siyasi Şurasının iclasında Partiyanın nəzdində Qərbi Azərbaycan Departamentinin təsis olunması və rəhbər təyinatı məsələsi reallaşdırılıb.
İclasda çıxış edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Qərbi Azərbaycan Departamentinin təsis edilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, AMİP yarandığı gündən Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın problemlərini daim gündəmdə saxlamışdır. Partiya sədri vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı əhatəli və uğurlu fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasına dəstək vermək hər birimizin vəzifə borcu olmalıdır və AMİP bu məsələdə ardıcıl səylərini əsirgəməməlidir.
Daha sonra Nizamnamə tələbinə uyğun olaraq, sədr öz səlahiyyətləri çərçivəsində Təbriz Musayevin namizədliyini Siyasi Şuranın iclasında təqdim edərək səsverməyə çıxarıb. Qərbi Azərbaycan məsələlərini hər zaman diqqətdə saxlayan Təbriz Musayev yekdilliklə Qərbi Azərbaycan Departamentinin rəhbəri seçilib və ona rəhbərlik edəcəyi strukturun gələcək fəaliyyətini Qərbi Azərbaycan icması ilə koordinasiya etmək tapşırılıb.