AMİP-30

“Əliyalın, silahsız xalqımız SSRİ-nin elit qoşunları qarşısında…” – A. Əlizadənin dilindən 20 Yanvar mübarizəsi

“20 Yanvar Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən biridir. O zaman ölkəmiz hələ SSRİ-nin tərkibində idi. Sovet İmperiyasının işğalı altında olan ölkəmizdə çox böyük bir milli azadlıq hərəkatı vüsat almışdı və bu keçmiş Sovetlər coğrafiyasında ən güclü, təşkilatlanmış və idarə olunan bir azadlıq hərəkatı idi”.

Bu sözləri Patrul.az-a açıqlamasında 20 Yanvar faciəsinin 36-cı ildönümündə şəhidlərimizi yad edən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat 20 Yanvar faciəsini planlaşdıran, millətimizin azadlıq mübarizəsini boğmağa çalışan şəxslərin kimliklərini sadalayaraq onların törətdikləri vicdansız əməlləri bir daha xatırlatdı:

“1991-ci ilin yazında Azərbaycanda parlament seçkiləri gözlənilirdi. Ona görə ki, ölkəmizin müstəqilliyi yeni seçilmiş parlament tərəfindən elan olunsun. Təbii ki, bunu Sovet hakimiyyəti heç cür qəbul edə bilmirdi. Həmin yanvar ayında Bakıya O zamankı SSRİ-nin ən elit hərbi və daxili qoşunları yeridildi. Bu əməlliyyata birbaşa SSRİ daxili işlər naziri Bakatin, Serb müdafiə naziri Yazov, SSRİ xüsusi xidmət orqanlarının rəhbərləri biləvasitə başçılıq edirdilər. Eyni zamanda, Kommunist partiyasının katibləri də bu prosesin içində idilər. Mixail Qorbaçovun birbaşa tapşırığı ilə əməliyyat həyata keçirilirdi. Azərbaycan xalqının xəbəri olmadan fövqəladə vəziyyət elan olunaraq şəhərə silahlı qoşunlar yeridildi və soydaşlarımıza qarşı amansız divan tutuldu.

Təbii ki, bu böyük bir faciə idi. 130-dan çox insan qətlə yetirildi, itkin düşənlər oldu, 600-dən çox yaralı var idi. Bütün bunlar xalqımızın qan yaddaşından silinə bilməz”.

A.Əlizadə bildirib ki, həmin dövrdə xalqımıza qarşı qırğınlar törədilsə də, onların mübarizəsi sönmədi:

“Eyni zamanda, bunu qəhrəmanlıq salnaməsi də hesab edirəm. Həmin gün faciə ilə yanaşı, Azərbaycan xalqı öz iradəsini ifadə etdi və əliyalın silahsız olaraq ən güclü silahlı ordu birləşmələrinin qarşısına çıxdılar və bununla azadlıq eşqini nümayiş etdirdilər. Lakin necə böyük faciəyə yaşansa da, xalqın iradəsini sındıra bilmədilər.  Növbəti gün milyonlarla şəxsin küçələrə çıxması, ayın 22-də şəhidlərin dəfnində iştirak etməsi bunu bir daha göstərdi”.

A. Əlizadə Azərbaycanı əvvəlki keşməkeşli dövrlərdən fərqli olaraq, regionda artıq öz reallıqlarını həyata keçirə bilən “ən güclü və lider dövlət” adlandırdı:

“Növbəti mərhələdə Azərbaycan müstəqil olmaq istiqamətində çox ciddi addımlar atmaqla buna nail oldu. Müstəqil Azərbaycan həm də ərazi bütövlüyünü və süverənliyini bərpa etmiş bir dövlətdir. Ölkəmizə hazırda regionun ən güclü dövləti desək yanılmarıq. Həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən regionun lider dövləti olan Azərbaycan bu gün reallıqlarını özü diktə edir. Bu gün regionda hər hansı bir layihəni həyata keçirmək istəyən, ən böyük güc dövlətləri belə Azərbaycanın regionda lider dövləti olması ilə barışmaq məcburiyyətindədirlər. Ölkəmizin iştirak etmədiyi heç bir layihə regionda reallaşa bilməz. Bu, artıq bir reallıqdır ki, bunu da özümüz yaratdıq”.

Deputatın sözlərinə görə, bu gün güclü Azərbaycanın mövcudluğu məhz həmin dövrdə xalqın göstərdiyi mübarizənin, xüsusilə də 2020-ci il – Böyük Vətən müharibəsindəki zəfərin bariz nəticəsidir:

“5 il bundan əvvəl II Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm zəfər və ondan sonrakı dövrdə həyata keçirilən terror əməliyyatları ilə bu reallıqlar bərqərar oldu. Bu gün artıq Azərbaycan regionun ən güclü dövlətidir və biz bununla qürur duyuruq. 20 Yanvar hadisələri, eləcə də bundan əvvəl və sonra xalqımızın başına gətirilən müsibətlər heç bir halda yaddan çıxmamalıdır. Bu, bizim tariximiz, qan yaddaşımızdır və bundan sonrakı nəsillərə də ötürülməldir. Biz xalq olaraq düşmən və dostlarımızı tanımalıyıq. Millət və dövlət olaraq bundan sonrakı strateji hədəflərimizi də müəyyənləşdirərkən bu amilə xüsusi olaraq diqqət yetirməliyik ki, “kim bizə ən çətin zamanımızda dost əlini uzadıb, kim arxadan zərbə vurub”. Bu istiqamətdə də siyasətimizi davam etdirməliyik. Eyni zamanda, başımıza gətirilən faciələr heç bir halda yaddan çıxmamalıdır. Yaddan çıxacaqsa, bu faciələrin təkrar olma ehtimalı arta bilər. Biz hər il 20 Yanvarı anırıq, yüz minlərlə Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanını ziyarət edir, onların ruhunu uca tutur. Biz təkcə 20 Yanvar şəhidlərini deyil, eyni zamanda hər iki Qarabağ müharibəsində, onlardan əvvəlki dövrlərdə canlarını fəda etmiş şəhidlərimizi anırıq, onlar bizim baş tacımızdır. Bu gün onların sayəsində Azərbaycan güclü və qüdrətli bir dövlətə çevrilib”.