AMİP-30

Arzuxan Əlizadə: Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə mümkün deyil  

Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması beynəlxalq siyasi gündəmdə yeni müzakirə mövzusu yaradıb. Qlobal miqyasda təhlükəsizlik arxitekturasının dəyişdiyi, beynəlxalq institutların təsir imkanlarının zəiflədiyi bir dövrdə Azərbaycanın bu təşəbbüsə qoşulması ölkəmizin artan nüfuzunun və çoxfaktorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Citypost.az  bildirib ki, bu il yanvarın2 6-da ABŞ prezidenti Donald Trampın təşəbbüsü və sədrliyi ilə “Sülh Şurası” yaradılıb. Şuranın yaradılması ilə bağlı mesaj verilməklə yanaşı, eyni zamanda təxminən 60 ölkəyə bu platformaya üzv olmaqla bağlı rəsmi dəvətlər göndərilib.

Deputatın sözlərinə görə, dəvət alan ölkələr sırasında postsovet məkanında yerləşən, bu gün müstəqil dövlətlər olan Qazaxıstan, Özbəkistan, Belarus və digər ölkələr yer alıb. Azərbaycan da həmin dəvəti alan dövlətlər sırasındadır və bu dəvət yanvarın 6-da rəsmi şəkildə göndərilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb və bildirilib ki, Azərbaycan bu dəvəti qəbul edib.

Qeyd olunub ki, “Sülh Şurası” ilkin mərhələdə Qəzzada sülhün bərqərar olunması və bölgənin yenidən qurulmasına ölkələrin töhfə vermək imkanlarını genişləndirmək məqsədi ilə yaradılıb. Təşkilatın formalaşması çərçivəsində üzv ölkələrin təxminən 1 milyard dollara yaxın maliyyə vəsaiti ödəməklə Qəzzanın yenidən qurulmasına dəstək verməsi nəzərdə tutulur. Bəzi analitiklər bu təşəbbüsü Donald Tramp tərəfindən BMT-yə alternativ bir platforma kimi də dəyərləndirirlər.

Arzuxan Əlizadə vurğulayıb ki, BMT uzun müddətdir faktiki olaraq əvvəlki nüfuzunu itirib və bunun acı təcrübəsi Azərbaycan üçün də mövcuddur. BMT tərəfindən qəbul edilən qətnamələrin illərlə yerinə yetirilmədiyini xatırladan deputat bildirib ki, nəticədə Azərbaycan bu qətnamələri öz gücü hesabına icra etməyə məcbur qalıb.

Onun fikrincə, ABŞ-ın bilavasitə patronajlığı ilə yaradılan yeni sülh platforması ilkin olaraq elan olunmuş məqsədlər çərçivəsində Qəzzaya dəstək üçün dövlətlərin bir araya gəlməsini nəzərdə tutur, gələcəkdə isə bu platformanın daha geniş anlamda fəaliyyət göstərməsi istisna edilmir. Bu kontekstdə Azərbaycanın dəvət alması və bu dəvəti qəbul edərək platformada iştirakı təqdirəlayiq haldır.

Deputat qeyd edib ki, bu fakt Azərbaycanın son dövrlərdə xüsusilə artan beynəlxalq nüfuzundan xəbər verir. Bu gün Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin formalaşmasında əsas rol oynayan dövlət kimi diqqət mərkəzindədir və bu baxımdan sülh platformasında iştiraka dəvət edilməsi qanunauyğunluq kimi qəbul olunmalıdır.

Yanvarın 22-də Davosda Sülh Şurasının sazişinin nizamnaməsinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti də bu mərasimdə iştirak edib və öz imzası ilə platformaya qoşulmanı təsdiqləyib. Bununla da Azərbaycanın gələcəkdə bu platformada iştirakı çərçivəsində yürütdüyü çoxfaktorlu xarici siyasətin daha da genişlənəcəyi gözlənilir.

Açıqlamada bildirilir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda təhlükəsizlik mühitinin formalaşmasında, strateji sabitliyin təmin olunmasında və paralel olaraq iqtisadi inkişafın genişlənməsində fundamental baza rolunu oynayır və bu proseslərin tam mərkəzindədir.

Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanın artan nüfuzu, xüsusilə də Cənubi Qafqazda istənilən layihənin Azərbaycanın iştirakı olmadan reallaşmasının mümkünsüzlüyü və ölkəmizin yeni reallıqlar fonunda regionun iqtisadi, siyasi və hərbi baxımdan əsas dövləti olması beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırıb. Bu səbəbdən istənilən formatda Azərbaycanın iştirakı arzuolunan hesab olunur. Qeyd olunub ki, Azərbaycan bu cür platformalarda iştirak etməklə həm diplomatik, həm də strateji hədəflərini reallaşdırmaq üçün əlavə imkanlar əldə edir. Prezident İlham Əliyevin Davosda panel müzakirələrində və digər çıxışlarında verdiyi mesajlar da Azərbaycanın həm regional, həm də qlobal müstəvidə sülhə verə biləcəyi töhfələri açıq şəkildə ortaya qoyub. Prezidentin çıxışlarında əsas məqamlardan biri sülh anlayışının yalnız münaqişənin bitməsi ilə məhdudlaşmaması, eyni zamanda dövlətlərin suveren iradəsinin və inkişaf strategiyasının təminatı kimi qəbul edilməsidir. Dövlət başçısı vurğulayıb ki, sülh təkcə siyasi liderlərin iradəsi ilə məhdudlaşmamalı, cəmiyyətin davranış və düşüncə tərzində də öz əksini tapmalıdır.

Bu kontekstdə postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycan tərəfindən həyata keçirilən addımların praktiki müstəvidə sülhün üstünlüklərini cəmiyyətə təlqin etməsinin vacibliyi xüsusi qeyd olunub. Prezidentin Davosda verdiyi mesajların əsas leytmotivi də məhz ictimai şüurda sülh mühitinin formalaşdırılması və dayanıqlı sabitliyə nail olunmasıdır.

Deputat bildirib ki, artıq digər dövlətlər də Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasında Azərbaycanın rolunun yüksək olduğunu qəbul edirlər. Azərbaycanın regionda lider dövlətə çevrilməsi ABŞ, eləcə də digər dünya güclərinin ölkəmizə olan marağını xeyli artırıb. Zamanında Azərbaycanın mövcud reallıqlarla barışmasını tələb edən və işğal altındakı ərazilərin Ermənistanın xeyrinə rəsmiləşdirilməsinə çalışan qüvvələrin bu gün Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qaldığı da vurğulanıb.

Açıqlamada qeyd olunur ki, regionda hər hansı layihənin reallaşdırılması üçün Azərbaycanın iştirakı əsas və vacib şərtlərdən biridir. Bu baxımdan Davosda imzalanan sülh nizamnaməsi və Azərbaycanın sülh platformasında iştirakı qlobal miqyasda ölkəmizin digər dövlətlərlə birlikdə sülhə verdiyi töhfə kimi dəyərləndirilməlidir. Regional müstəvidə isə Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin əsas aparıcı dövləti olaraq diqqət mərkəzində qalmaqda davam edir.