AMİP-30

Azərbaycan yeganə təhlükəsiz və etibarlı enerji təchizatçısı kimi tanınır

Prezidentin regionda dəyişən güc balansı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın siyasi strategiyasında prioritetlərin yenidən müəyyənləşdirildiyini göstərir. Bu yanaşma beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda ölkənin milli maraqlarını daha effektiv şəkildə qorumaq məqsədi daşıyır. Prezidentin çıxışlarında Azərbaycanın müstəqil siyasət yürütmək əzmi, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması əsas xətt kimi vurğulanır. Eyni zamanda regional təhlükəsizliyin möhkəmləndirilməsi, strateji tərəfdaşlıqların balanslı şəkildə inkişaf etdirilməsi və iqtisadi-siyasi təsirin artırılması Azərbaycanın xarici siyasətində ön plana çıxan əsas istiqamətlər kimi təqdim olunur. Bu fikirlər ölkənin regionda formalaşan yeni güc nisbətlərində fəal və təşəbbüskar mövqe tutduğunu nümayiş etdirir.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Azərbaycan 5 il əvvəl əldə etdiyi möhtəşəm qələbə ilə faktiki olaraq regionda güc nisbətlərini tamamilə dəyişdirdi və yeni reallıq yaratdı:

“Zamanında Azərbaycanın üzərinə müxtəlif beynəlxalq təzyiqlər gəlirdi. ATƏT-in Minsk Qrupu, bəzi beynəlxalq təşkilatlar və güclü dövlətlər Azərbaycana işğal altındakı ərazilərlə bağlı mövcud vəziyyətlə barışmaq, bu ərazilərin Ermənistanın nəzarətinə rəsmiləşdirilməsi təkliflərini irəli sürürdülər. Azərbaycan bunlarla razılaşmadı və razılaşa da bilməzdi. Gücümüzü ortaya qoyduq, torpaqlarımızı işğaldan azad etdik, suverenliyimizi və ərazi bütövlüyümüzü təmin etdik. Bununla da regionda mövcud olan reallıqları kökündən dəyişdirdik. Bu gün yaranmış reallıqlar göstərir ki, Azərbaycan regionun həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən ən güclü dövlətidir və bu güc artmaqda davam edir. Prezident də çıxışlarında bildirib ki, son 5 il ərzində Azərbaycan Ordusunun müdafiə qabiliyyəti dəfələrlə artırılıb və bu sahədə çox ciddi işlər görülür”.

Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsindən də 6 milyard manata yaxın vəsait məhz müdafiə xərclərinə və ordu quruculuğuna ayrılıb:

“Prezidentin də dediyi kimi, regionda sülhün və sabitliyin davamlı olması üçün güclü olmalıyıq. Azərbaycan bu gün regionun əsas lider dövləti kimi bu məsuliyyəti öz üzərinə götürüb və bu sabitliyi qoruyub saxlamaq üçün güclü olmaq zəruridir. Biz müharibə istəmirik, müharibəyə hazırlaşmırıq. Biz sülhü təmin etmək və təhlükələri önləmək üçün gücümüzü artırırıq. Əgər 2020-ci ildə və daha sonra 2023-cü ildə həyata keçirilən əməliyyatlarla reallıqlar dəyişdirilməsəydi, 8 avqustda Azərbaycan və Ermənistan arasında çərçivə sülh müqaviləsi də imzalanmayacaqdı. Prezident haqlı olaraq qeyd etdi ki, əgər biz gücümüzlə torpaqlarımızı azad etməsəydik, ərazi bütövlüyümüzü təmin etməsəydik və regiondakı reallıqları dəyişməsəydik, sülhdən danışmaq mümkün olmayacaqdı. Bu gün baş verən bütün pozitiv dəyişikliklər Azərbaycanın güclənməsi nəticəsində baş tutmuşdur. Qarşıdakı dövrdə də əsas məqsəd bu gücü daha da artırmaq və regionda davamlı sülhə nail olmaqdır”.