AMİP-30

“Səfirliyimizə terror hücumu bu hadisədən az sonra həyata keçirildi” – Deputat 

“Səfirliyimizi qoruyan mühafizəçilərimizin qəhrəmanlığı, cəsurluğu olmasaydı terrorçu Yasin Hüseynzadə orada böyük qətliam həyata keçirəcəkdi”.

Bu barədə AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında bildirib.

O qeyd edib ki, 2023-cü ilin 27 yanvarında Tehrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumunun analizindən və videogörüntülərdən İran tərəfinin bu hadisənin qarşısının alınması üçün heç bir tədbir görmədiyi aydın olmuşdu. Səfirliyin binası qarşısındakı polisin gözləri qarşısında terrorçu öz cinayət əməlini həyata keçirmişdi: “Bu, əvvəlcədən planlaşdırılmış bir terror aktı idi. Terrorçunun silahla peşəkar davranması da göstərdi ki, o, xüsusi hazırlanmış adamdır. Sonradan da məlum oldu ki, Yasin Hüseynzadə SEPAH-ın əməkdaşlarından biri olub. İran tərəfi hadisəyə şəxsi motiv donu geyindirmək istədi. Lakin ilk dəqiqədən aydın idi ki, bu terror aktı molla rejiminin xəbəri olmadan baş verə bilməzdi. Sonradan hadisələrin gedişi, terrorçunu məsuliyyətə cəlb etməkdə ləng tərpəniş onu deməyə əsas verirdi ki, bu terror aktının arxasında İran rejimi dayanır. Azərbaycan tərəfinin sərt mövqe sərgiləməsi, eləcə də BMT baş katibinin, digər bir sıra beynəlxalq təşkilatların bəyanatları, səfirliklərin sərt bəyanatları Azərbaycana qarşı İran tərəfindən terror aktı həyata keçirildiyi məzmunda oldu”.

Deputat xatırladıb ki, 27 yanvar terror aktı həyata keçirilməzdən az öncə Azərbaycanın İsraildə səfirliyi açılmışdı. Tehrandakı səfirliyimizə terror hücumu məhz bundan az sonra həyata keçirildi:

“Ermənistanın İsraildə səfirlik açmasına loyal yanaşan İran Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılamışdı. Eyni zamanda İran rejimi 2020-ci ildə 44 günlük müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilmirdi. Azərbaycana qarşı qəzəbli olduqlarını ən müxtəlif addımlarla nümayiş etdirirdilər. Bu cür münasibətin ardınca səfirliyimizə terror aktının həyata keçirilməsinin xüsusi təşkil edilmiş terror əməliyyatı olduğuna şübhə yox idi”.