AMİP-30

Azərbaycanda yeni vəzifə yaradılır – Prezidentin tapşırığının detalları

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə süni intellektlə bağlı sözləri diqqət çəkib. Ölkə başçısı bildirib ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın.

Dövlətin kadr bazası necədir? Bu qədər vəzifəyə insan cəlb etməyə imkanlar yetərincədirmi? Yeni nazir müavinləri biznes strukturlarından cəlb ediləcək?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda idarəetmədə müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdən birinə çevrilib:

“Son müşavirədə Prezident İlham Əliyev bu sahə ilə bağlı təklif və tapşırıqlarını səsləndirib. Qeyd olunub ki, son dövrdə bir sıra nazirlik və dövlət qurumlarında müxtəlif rəqəmsal tətbiqlər yaradılıb. Lakin bu sahədə müəyyən pərakəndəlik müşahidə olunur. Bunun aradan qaldırılması üçün vahid mərkəzləşmiş idarəetmə modelinin tətbiqi tapşırılıb. Bildirilib ki, bu istiqamətdə koordinasiya funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək. Tapşırıqlara əsasən, ilk növbədə nazirliklərdə süni intellekt sahəsinə məsul konkret şəxslər müəyyənləşdirilməlidir. Zərurət yaranarsa, yeni nazir müavini vəzifəsi təsis edilə və ya mövcud rəhbər şəxslərdən birinə bu sahə üzrə xüsusi səlahiyyət verilə bilər. Məqsəd dövlət qurumlarında məsuliyyət bölgüsünü dəqiqləşdirmək və koordinasiyanı gücləndirməkdir. Eyni zamanda, dövlət xidmətlərinin “myGov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması nəzərdə tutulur. Bu yanaşma vətəndaşlar üçün xidmətlərə çıxışı asanlaşdıracaq və idarəetmədə səmərəliliyi artıracaq. Vahid platforma üzərindən həm mövcud təcrübəli mütəxəssislərin, həm də yeni kadrların prosesə cəlb edilməsi planlaşdırılır”.

Deputat bildirib ki, hazırda ölkədə bu sahə üzrə kadr bazası formalaşır:

“Azərbaycanda rəqəmsal idarəetmə sahəsində bilik və bacarıqlara malik, o cümlədən xaricdə təhsil almış gənc mütəxəssislər mövcuddur. Ehtiyac yarandığı təqdirdə əlavə kadrların cəlb olunması və yeni mütəxəssislərin hazırlanması istiqamətində də addımlar atılacaq. Prezidentin tapşırığı üzrə aidiyyəti qurumlardan təkliflər gözlənilir. Artıq yaxın vaxtlarda bu istiqamətdə konkret qərarlar qəbul ediləcək”.