AMİP-30

“Azərbaycan-ABŞ münasibətləri artan dinamika ilə inkişaf edir” – Deputat

“Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

O deyib ki, Bayden administrasiyanın dönəmində münasibətlərimizdə bir gərginlik var idi. Bu da qarşı tərəfin sərgilədiyi mövqedən qaynaqlanırdı.

“Amma Azərbaycanla Birləşmiş Ştatların münasibətləri əvvəlki dönəmlərdə, respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə olub. Təəssüf ki, demokratlar Azərbaycana yönəlik başqa siyasət yürüdürdülər. Donald Trampın ikinci prezidentliyi dövründə Azərbaycanla çox yaxın münasibətlər formalaşıb. Münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən il avqustun 8-də Azərbaycan Prezidenti Vaşinqtonda Trampla görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qərara alındı, İşçi Qrup formalaşdı. Artıq bu çərçivədə qarşılıqlı səfərlər baş tutub, Strateji İşçi Qrupun ilk iclası keçirilib”, – deputat söyləyib.

O əlavə edib ki, hazırda Azərbaycan Prezidenti ABŞ-da işgüzar səfərdədir. Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens bundan əvvəl Azərbaycana səfər edib.

“Dövlət başçısı Sülh Şurasının ilk iclasında iştirak edəcək. Təbii ki, Sülh Şurasının iclasından əlavə bir sıra görüşlərin keçirilməsi gözlənilir. 8 avqustda paraflanmış sülh sazişinin detallarının müzakirəsi də istisna deyil. Amma istənilən halda bu qarşılıqlı səfərlər, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, mütəmadi olaraq beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti ilə ABŞ liderinin görüşləri və səmimi münasibətin formalaşması təbii ki, dövlətlər arasındakı münasibətlərə də yansıyıb.

Bir daha qeyd etmək istəyirəm ki, ABŞ-Azərbaycan münasibətləri artan dinamika üzrə inkişaf edir. Azərbaycan bu gün regionun əsas lider dövləti olaraq regionda reallaşacaq bütün layihələrin əsas leytmotivi, hərəkətverici qüvvəsi kimi Birləşmiş Ştatların diqqət mərkəzindədir. Bu baxımdan  iqtisadi, siyasi, hərb müstəvidə də münasibətlərimiz inkişaf etməkdədir”, – A.Əlizadə vurğulayıb.

Deputat 907-ci düzəlişin tam olaraq aradan qaldırılması perspektivinə də toxunub. Onun sözlərinə görə, bu, gözləniləndir. Konqresdə müvafiq qərar qəbul edilməlidir: “Artıq Tramp 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar imzalayıb. İndi söz Konqresindir, hesab edirəm ki, qanunverici orqanda da müsbət qərar qəbul ediləcək, çünki artıq həm də qeyd etdiyim kimi hərbi müstəvidə də Azərbaycanla münasibətlər formalaşır. Vensin Bakıya səfəri zamanı bu məsələ də müzakirə olundu, Azərbaycana əlavə olaraq müşahidə dronlarının təqdim edilməsi və digər məsələlər danışıqlar mövzusudur. Bütün bunlara görə 907-ci düzəlişin artıq tam olaraq ləğvi gözləniləndir və yəqin ki, yaxın zamanlarda bununla bağlı yekun qərar veriləcək”.