AMİP-30

Milli Məclisin adı dəyişdirilir? – REAKSİYA

Parlamentin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı vitse-spiker Rafael Hüseynov bildirib ki, Milli Məclis yox, Millət Məclisi deyilməlidir.

Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, “Milli Məclis” ifadəsindən deyil, “Millət Məclisi” ifadəsindən istifadə olunsun.

“Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”, – deyə o qeyd edib.

Bu, əslində vitse-spiker tərəfindən Milli Məclisin adında dəyişik edilməsi təklifidir. Onu da qeyd edək ki, Rafael Hüseynov Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasından olan deputatdır.

Bəs parlamentdəki digər müxalifət partiyalarının deputatlarının Milli Məclisin adının dəyişdirilib Millət Məclisi adlandırılması təklifinə necə baxırlar?

Deputat, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə suala bu cür cavab verib:

“Təbii ki, bu məsələyə dilçilər daha doğru, daha dəqiq aydınlıq gətirə bilərlər. Hesab edirəm elə məsələlər var ki, orada ənənə, varislik qorunub saxlanmalıdır. Xüsusilə dövlətçilik məsələlərində belə olmalıdır. Məsələ burasındadır ki, 1918-ci ildə Azərbaycan Respublikasını yaradan qurum Milli Şura adlandırılıb. Millət Şurası adlandırılmayıb. Ondan sonrakı dönəmdə bir keçid parlament də var idi və o Milli Şura adlanırdı. Bu baxımdan Mili Məclis ifadəsi daha doğru ifadədir. Adın dəyişdirilməsinin tərəfdarı deyiləm”.

Musavat.com