Azərbaycan müxalifəti birləşir? – Partiya sədrlərindən açıqlama
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmdia.az-a müsahibəsində səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır. Belə ki, o, müxalifət partiyalarının vahid platformadan çıxış etməsinin daha effektiv ola biləcəyini söyləyib. Belə bir platforma, xüsusilə seçki islahatları, demokratik prinsiplərin gücləndirilməsi və idarəetmədə şəffaflıq kimi əsas məsələlərdə ortaq mövqenin formalaşdırılmasına imkan verə bilər. Bu, dialoqun səmərəliliyini artırır və siyasi tərəflər arasında koordinasiyanı gücləndirir. Digər tərəfdən, çoxpartiyalı sistemlərdə hər partiyanın öz ideoloji baxışı, proqramı və prioritetləri olur və bu müxtəliflik demokratik cəmiyyətlərin əsas xüsusiyyətidir. Hər partiyanın fərqli yanaşmaları və mövqeləri demokratik rəqabəti təmin edir, vətəndaşların müxtəlif maraqlarının təmsil olunmasını gücləndirir və siyasi hesabvericiliyi təmin edir. Odur ki, partiyaların yalnız müəyyən fundamental məsələlər ətrafında ortaq platforma formalaşdırması praktik və faydalı hesab oluna bilər, lakin bütün məsələlərdə vahid mövqe tələb etmək demokratik müxtəlifliyi zəiflədə və siyasi dinamizmi azalda bilər.
Crossmedia.az məsələ ilə bağlı partiya sədrlərinin fikirlərini öyrənib.
Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə vaxtı ilə bu təkliflə çıxış etdiyini bildirib: ” Sonuncu dəfə 2019-cu ildə belə bir təşəbbüs irəli sürülmüşdü. Həmin dövrdə Azərbaycan Xalq Partiyasının sədri hörmətli Pənah Hüseyn idi və ilkin təşəbbüs Milli İstiqlal Partiyası olaraq bizdən gəlmişdi. Daha sonra biz dörd partiya — Azərbaycan Xalq Partiyası, Ağ partiya, Böyük Azərbaycan Partiyası və Milli İstiqlal Partiyası — birlikdə çıxış edərək ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla vahid sənədin hazırlanması üçün kampaniyaya başladıq. Həmin vaxt 14-15 partiyanın iştirakı ilə bir sənədin hazırlanmasına nail olundu ki, bu da müəyyən mənada rekord idi. Digər partiyalar isə müxtəlif səbəblərdən — bəziləri fərqli yanaşma sərgilədiyi, bəziləri isə başqa mövqe tutduğu üçün — prosesdən kənarda qaldılar. Bununla belə, təklif etdiyimiz siyasi islahatlarla bağlı paketdə yer alan bəzi məqamlar qəbul edildi. 2020-ci ildən sonra Prezident Administrasiyasında Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş üzrə yeni bir mexanizm formalaşdı. 2020-ci ilin fevral ayından başlayaraq həmin strukturun bilavasitə koordinasiyası ilə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla dialoq mühitinin formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, siyasi partiyalarla dialoq mühiti formalaşdırılmalıdır və sonrakı dövrlərdə də bu mövqe bir neçə dəfə ifadə olunub. Bu baxımdan hesab edirəm ki, belə bir mühit artıq mövcuddur. Bu dialoqu davam etdirmək hər zaman zəruridir və hətta vacibdir. Çünki ölkədə çoxpartiyalı sistem mövcuddur və bu sistem şəraitində siyasi partiyaların bütün proseslərdə iştirakı həm dövlətin güclənməsi, həm də məsələlərə daha düzgün və obyektiv yanaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.