AMİP-30

“Dəmir yumruq”: Bu dəfə İran üçün…

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. 

“Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”, – dövlət başçısı qeyd edib.

Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, İran əvvəllər də Azərbaycana qarşı düşmən mövqe nümayiş etdirib.
O qeyd edib ki, İran uzun illər ərzində Azərbaycanın torpaqlarını işğal edən tərəfə dəstək verib:

“Bu gün səhər saatlarında Azərbaycanın suveren ərazilərinə İran tərəfindən terror aktı həyata keçirilib. Bu, əslində ilk hal deyil. İran daha əvvəl də Azərbaycanın Tehrandakı səfirliyinə və səfirlik nümayəndələrinə qarşı terror aktı törədərkən demişdik ki, təəssüflər olsun, qonşu dövlət olmasına və özünü İslam Respublikası adlandırmasına baxmayaraq, İran Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. Hətta torpaqlarımızın işğal altında olduğu dövrdə də, ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən İranın Azərbaycana münasibəti qərəzli olub.

Azərbaycanın torpaqlarını işğal edən tərəfə də İran mütəmadi olaraq dəstək verib. Bunu həm müharibə dövründə, həm də İkinci Qarabağ savaşı zamanı aydın şəkildə gördük. Baxmayaraq ki, biz qonşularla, o cümlədən İran adlanan bu dövlətlə normal münasibətlərin qurulmasında maraqlı olduğumuzu hər zaman ifadə etmişik. Bunu təkcə sözlə deyil, əməli addımlarla da dəfələrlə sübut etmişik.

Lakin qarşı tərəfin mövqeyində, təəssüf ki, heç bir dəyişiklik yoxdur. Azərbaycan ərazisinə növbəti dəfə raket ataraq bu cür xəyanətkar terror aktı törətməklə İran bir daha öz çirkin niyyətini və əsl simasını ortaya qoymuş oldu.

İranın hazırkı molla rejiminin bu addımı göstərir ki, onlar artıq aqoniyadadırlar. Bütün qonşuları ilə düşmən münasibətlər yaşayan İranın Azərbaycana qarşı belə bir addım atması, təbii ki, ciddi şəkildə cavabsız qalmayacaq”.

Deputat əlavə edib ki, İran adlanan dövlətdə yaşayan bizim bacı-qardaşlarımızın həyatı təhlükə altındadır:

“İran rejimi onlara qarşı uzun illərdir ayrı-seçkilik və diskriminasiya siyasəti yürüdür. Hətta onların elementar hüquqları belə təmin olunmur, ana dilində təhsil almaq hüquqları belə tanınmır. Bütün bunların fonunda İranın sərgilədiyi mövqe açıq şəkildə düşmənçilik və xəyanətkarlıqdır. Bu isə o vaxt baş verir ki, Azərbaycan Prezidenti dünən İran səfirliyinə gedərək başsağlığı verib, həm özünün, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib.

Baxmayaraq ki, dünyanın heç bir ölkəsində dövlət başçıları İran səfirliyinə bu cür ziyarət etməyib. Amma biz qonşuluq və dostluq münasibətlərinin qorunması naminə bu addımı atdıq. Lakin bunu da qiymətləndirmirlərsə, təbii ki, bundan sonra İran qarşısında bizi görəcək”.

Arzuxan Əlizadə bildirib ki, İranın Azərbaycana qarşı tutduğu xəyanətkar mövqe onun sonunun yaxınlaşdığını göstərir:

““Dəmir yumruq” zamanında İranın ən yaxın dost hesab etdiyi işğalçılar – ovaxtkı Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Onların başı necə “dəmir yumruq”la əzildisə, İran rejimi də eyni taleyi yaşaya bilər. Azərbaycana qarşı bu cür xəyanətkar mövqe tutmaq həmin rejimin sonunun yaxınlaşdığını göstərən əsas amillərdən biridir.

Bu gün İran guya öz ərazisini müdafiə etdiyini iddia edir. Halbuki bu rejim illər boyu İran adlanan dövlətin ərazisində yaşayan bütün xalqlara, hətta farsların özünə qarşı belə repressiv siyasət yürüdüb. Türklərə, ərəblərə, bəluclara və kürdlərə qarşı davamlı təzyiq və repressiya aparılıb.

Artıq görünür ki, bu rejimin sonu yaxınlaşır. Bu rejim getməlidir. Son hadisələr deməyə əsas verir ki, hazırda başıpozuq vəziyyətdə olan İranın molla rejimi, eləcə də onun əsas qüvvəsi sayılan və terror təşkilatı kimi tanınan SEPAH, onun generalları son günlərini yaşayırlar.

Biz hesab edirik ki, bu proses onların hakimiyyətdən getməsi və bütövlükdə İranın normal, sivil dövlətə çevrilməsi üçün şərait yarada bilər. Bu məsələdə Azərbaycanın mövqeyi də ondan ibarətdir ki, ölkəmizə qarşı düşmən mövqe tutan İran rejimi bu siyasətinin nəticəsində yalnız özü ciddi fəsadlarla üzləşə bilər”.