AMİP-30

Yeni geosiyasi reallıq fonunda Azərbaycanın rolu – ŞƏRH

Yaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının yeni mərhələyə keçməsi regionda təhlükəsizlik arxitekturasını və siyasi balansı yenidən gündəmə gətirib. Proseslərin hərbi eskalasiya mərhələsinə daxil olması Cənubi Qafqaza da dolayı təsir ehtimallarını artırır. Belə bir şəraitdə Azərbaycanın balanslarşdırılmış xarici siyasət kursu və regional sabitliyə yanaşması diqqət mərkəzinə gəlir.

Millət vəkili Arzuxan Əlizadə Metbuat.az-a açıqlamasında bildirib ki, Şərqdə vəziyyət gərgin olaraq qalır və təəssüf ki, artıq regionumuzda da ciddi proseslər baş verir. İran-İsrail və İran-ABŞ arasındakı gərginlik hərbi fazaya keçib. Hərbi eskalasiya region üçün ciddi təhdidlər yarada bilər və region ölkələri istər-istəməz qabaqlayıcı addımlar atmaq məcburiyyətində qalırlar: “Azərbaycan bütün bu proseslərin fonunda uzun illərdir çoxvektorlu və balanslaşdırılmış xarici siyasət yürüdür. Biz əvvəldən qonşularla dinc yanaşı yaşamaq, sülh və sabitliyi qorumaq əzmimizi ortaya qoymuşuq və bunu təkcə sözlə deyil, əməli addımlarla da nümayiş etdirmişik. Xüsusilə 2020-ci ildən sonra – torpaqlarımız işğaldan azad edildikdən və suverenliyimiz tam bərpa olunduqdan sonra Azərbaycan regionun əsas söz və güc sahibinə çevrilib. Bu, regionda dayanıqlı sülh üçün yeni reallıq yaradıb. Ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış çərçivə sülh sənədindən sonra Ermənistanla nisbi sülh şəraitində yaşadığımızı demək olar. Lakin yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Bununla yanaşı, Azərbaycan humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada da addımlar atır. Ermənistan ərazisinə Azərbaycan üzərindən yüklərin daşınması, eləcə də neft məhsullarının verilməsi sülhə xidmət edən addımlardır”.

A.Əlizadə Azərbaycanın həm cənub, həm şimal qonşuları, həm də Ermənistanla balanslı siyasət yürütdüyünü vurğulayaraq qeyd edib ki, bu balansı qorumaq indiki şəraitdə asan deyil. Lakin ölkə rəhbərliyinin atdığı addımlar və həyata keçirilən siyasət təqdirəlayiqdir:

“Hazırda İranda yaranmış vəziyyətlə bağlı müxtəlif ölkə vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi həyata keçirilir. Son məlumata görə, artıq 600-dən çox xarici vətəndaş Azərbaycan vasitəsilə təxliyə olunub və proses davam edir. Bu, Azərbaycanın sülhə, humanizmə və balanslaşdırılmış siyasətə sadiqliyinin növbəti göstəricisidir. Azərbaycan bütün dövlətlərlə, əvvəlki münasibətlərdən asılı olmayaraq, bərabərhüquqlu əməkdaşlıq və qonşuluq prinsipləri əsasında münasibətlər qurur. Bu siyasət regionda sabitliyə töhfə verməyə yönəlib. Müharibə qan və faciə deməkdir və biz müharibə istəmirik. Xüsusilə qonşu ölkələrdə müharibə şəraitinin yaranması ciddi narahatlıq doğurur. Cənubi Azərbaycanda və ümumilikdə İranda yaşayan soydaşlarımızın təhlükəsizliyi də bizi düşündürür. Hərbi eskalasiyanın tezliklə dayandırılması və dinc insanların həlak olmasının qarşısının alınması vacibdir. Eyni zamanda, Azərbaycan tərəflər arasında vasitəçilik təşəbbüsü ilə çıxış etməyə hazır olduğunu da bəyan edib. Ümid edirik ki, yaxın zamanda regionda sabitlik bərqərar olacaq və bütün ölkələr üçün sülh, təhlükəsizlik və rifah imkanları genişlənəcək”.