AMİP-30

Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi baza mövcuddur – RƏY

Son illər beynəlxalq təşkilatların müxtəlif hesabatlarında Azərbaycanla bağlı irəli sürülən bəzi iddialar ölkə ictimaiyyəti və rəsmi qurumlar tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, media sahəsi ilə bağlı hazırlanan sənədlərdə yer alan bəzi yanaşmaların obyektivlikdən uzaq olduğu, ölkədə həyata keçirilən islahatların və qanunvericilik dəyişikliklərinin mahiyyətinin düzgün qiymətləndirilmədiyi tez-tez vurğulanır. Bu baxımdan, bəzi beynəlxalq strukturların mövqeyinin siyasi və qərəzli xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Avropa Şurası tərəfindən jurnalistlərin təhlükəsizliyi və media azadlığı ilə bağlı yayımlanan hesabatda Azərbaycanla bağlı yer alan bəzi məqamlar da reallığı əks etdirməyən və birtərəfli yanaşma kimi qiymətləndirilib. Bu iddialara münasibət bildirən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi isə yayımladığı açıqlamada hesabatdakı fikirlərin qərəzli olduğunu qeyd edərək, ölkədə media mühitinin inkişafı istiqamətində həyata keçirilən islahatların məqsədinin sağlam və məsuliyyətli informasiya mühitinin formalaşdırılması olduğunu vurğulayıb. Qeyd olunur ki, Azərbaycanda qəbul edilən qanunvericilik dəyişiklikləri söz və mətbuat azadlığını məhdudlaşdırmaq deyil, əksinə, milli informasiya məkanını qorumaq, peşəkar jurnalistikanı dəstəkləmək və cəmiyyətdə etibarlı media institutunun formalaşmasına xidmət edir. Bu səbəbdən bəzi beynəlxalq hesabatlarda səsləndirilən iddialar ölkədə aparılan real prosesləri tam əks etdirmir və obyektiv yanaşmadan uzaq görünür.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinArzuxan Əlizadə deyib ki, Avropa Şurasında Azərbaycana yönəlik qərəzli münasibətlərin sergilənməsi birinci dəfə deyil.

Deputat xatırladıb ki, bundan əvvəlki dönəmlərdə də müxtəlif məsələlərlə bağlı Azərbaycan əleyhinə qərəzli hesabatlar dərc olunub.

O bildirib ki, növbəti belə bir münasibət Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda öz əksini tapıb: “Azərbaycanda media mühiti ilə bağlı birtərəfli, qərəzli mövqe sərgilənib. Bu heç bir halda qəbul ediləcək mövqe deyil. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bununla bağlı bəyanat yayaraq mövqeyini açıqlayıb. Hesabatda Azərbaycanda jurnalistikanın vəziyyəti ilə bağlı heç də reallığa uyğun olmayan məsələlər əksini tapıb. Azərbaycanda media ilə bağlı qəbul edilmiş son qanunda guya jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdıran nüansların olması ilə bağlı deyilənlər, həmçinin jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslərin fikir azadlığının olmaması və bu kimi qərəzli informasiyaların hesabatda əks olunması qətiyyən qəbul edilə bilməz. Avropa Şurasının hesabatı Azərbaycanın daxili işlərinə qarışmaq, qanunvericilikdə mövcud beynəlxalq hüquqa uyğun prinsiplərin qaralanması, fərqli prizmadan təqdimatı birmənalı olaraq ölkəmizə yanaşmada qərəzliliyin nümunəsidir”.