Arif Hacılının gerçəklikdən qorxan siması
Zaman irəliyə doğru axdıqca, tarixin amansız bir xüsusiyyəti daha qabarıq üzə çıxır.Hadisələri bəlağətli cümlələrlə gizlətməyə çalışanlar, günün sonunda faktların yalın reallığı qarşısında məğlub olurlar. Çünki tarixi şəxslərin uydurma rəvayətləri deyil, arxivlərin silinməz yaddaşı və xalqın kollektiv şüuru yazır. Lakin görünən odur ki, bəzi siyasi fiqurlar hələ də 90-cı illərin xaotik dumanında ilişib qaldıqlarını fərq etmir, öz keçmiş uğursuzluqlarını bu günün gənc nəslinə “qəhrəmanlıq” nümunəsi kimi sırımağa çalışırlar. Bu uğursuz manipulyasiya cəhdlərinin mərkəzində dayanan növbəti imzalardan biri də Arif Hacılıdır.
Vaxtilə meydan tribunalardan, xalqın emosiyalarından istifadə edərək “Biz hakimiyyətə 7 dövlətin razılığı ilə gəlmişik” deyən bir təfəkkürün, bu gün hansısa “xalqın demokratik seçimi”ndən bəhs etməsi ən yumşaq ifadə ilə siyasi riyakarlıqdır.
Bununla da bitmir. Hakimiyyəti idarə edə bilməyib, dövlət rıçaqlarını iflic vəziyyətinə salıb qaçanda isə günahı öz səriştəsizliyində deyil, “siyasi müxalifətin qiyama dəstək verməsində” axtarırlar.
Bir ” siyasətçi” özünü bundan artıq təkzib edə, öz acizliyini bu dərəcədə çılpaq şəkildə daha necə ifşa edə bilər?
Əgər hakimiyyətə gəlişiniz kənar güclərin 7 dövlətin geosiyasi razılaşmasının məhsulu idisə, o zaman xalqın adından hansı haqla danışır, demokratiya dərsi keçirsiniz?
Əgər daxili siyasi böhranı, müxalifətin mövqeyini idarə edə bilməyəcək qədər zəif idinizsə, o nəhənglikdə dövlətin sükanını niyə idarə etməyə iddialı idiniz?
Gerçək budur, güclü və uzaqgörən liderlər böhran anında günahkar axtarıb ağlamaz, dövləti xaosdan çıxarmaq üçün məsuliyyəti öz üzərinə götürərlər. Amma 90-cı illərin o komandası məsuliyyətdən qaçmağı bir siyasi vərdişə çevrdilər.
Arif Hacılı və onun düşüncə tərəfdaşlarının bu gün ən çox təhrif etməyə çalışdıqları, üzərindən sükutla keçmək istədikləri mövzu Gəncə hadisələridir. Azərbaycanın müstəqilliyinin ilk illərində, ölkənin Qarabağ cəbhəsində ağır dönəmlərdə, Gəncədə qardaş qırğınına yol açan səriştəsiz idarəçilik məhz bu təfəkkürün “şah əsəri” idi.
Bu gün həmin hadisələrə görə xalq qarşısında utanc hissi keçirmək, mənəvi olaraq hesabat vermək əvəzinə, yenidən qarayaxma və şər-böhtan kampaniyasına əl atırlar. Öz xislətinə sadiq qalaraq tarixi faktları tərs-mütənasib şəkildə təqdim etmək, bu günün intellektual gəncliyini aldatmaq xülyasından başqa bir şey deyil. Xalq diplomatiyası və dövlət idarəçiliyini şəxsi ambisiyaların oyuncağına çevirənlər, Gəncədə tökülən qardaş qanının məsuliyyətini heç bir şantaj və ya siyasi manipulyasiya ilə yuyub apara bilməzlər. Ortada olan böyük bir tarixi uğursuzluğu pərdələmək üçün ən yaxşı müdafiəni hücumda görən bu təfəkkür, keçmişin real, canlı şahidləri və sənədləri qarşısında acizdir.
Onlar elə zənn edirlər ki, illər keçdikcə gənc nəsil tarixin o qaranlıq, ağrılı səhifələrini oxumur, araşdırmır. Lakin unudurlar ki, bugünkü gənclik emosiyalarla deyil, analitik təhlillə və sənədlərin dili ilə danışır. Faktlar isə A. Hacılının və onun mənsub olduğu siyasi xəttin idarəçilik iflasını çoxdan sübut edib.
Tarixlə inadlaşmaq, onu öz siyasi ambisiyalarına uyğun yenidən formalaşdırmağa çalışmaq absurddur. Arif Hacılı öz səriştəsizliyini şər və böhtan dalğası arxasında nə qədər gizlətməyə çalışsa da, maska artıq düşüb. 90-cı illərin köhnəlmiş, xalqdan qopuq və ziddiyyətli təfəkkürü ilə 21-ci əsrin reallıqlarında siyasi dividend qazanmaq mümkün deyil. Tarix öz yerindədir, faktlar isə həmişə bəlağətli yalanlardan daha ucadan danışır.
Qeyd: Paylaşılan bu sənədlər 1993 -cü il iyun hadisələrinə AMİP Mərkəzi Şurasının rəsmi mövqeyidir.
Afsəddin Nəbiyev
AMİP sədrinin müavini

