“Ermənistan 4 min azərbaycanlının taleyinə aydınlıq gətirməlidir” – Deputatdan çağırı
Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, minlərlə azərbaycanlı ailə hələ də ən ağır sualın cavabını gözləyir: itkin düşən doğmaları haradadır?
İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını bir daha üzə çıxarsa da, taleyi naməlum qalan təxminən 4 min nəfərlə bağlı suallar hələ də cavabsızdır. Bu məsələnin həlli təkcə humanitar deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin üzvü Arzuxan Əlizadə məsələ üzrə 247press.media-nın suallarını cavablandırıb.
“Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təxminən 4 min nəfər itkin düşmüş və taleyi naməlum olan mülki və hərbi vətəndaşı var idi. Təəssüf ki, ötən 30 ilə yaxın müddət ərzində bu məsələ dəfələrlə qaldırılsa, Ermənistan tərəfinə sorğular ünvanlansa, beynəlxalq platformalarda gündəmə gətirilsə və hətta həmin dövrdə ATƏT-in Minsk qrupu vasitəçilik missiyası həyata keçirsə də, Azərbaycanın itkin düşmüş şəxsləri ilə bağlı problem hələ də öz həllini tapmayıb”,- deputat bildirib.
Arzuxan Əlizadənin sözlərinə görə, dövlət bu məsələni daim diqqət mərkəzində saxlayır və faktlar qarşı tərəfə təqdim olunsa da indiyədək ətraflı cavab verilməyib:
“Azərbaycanda uzun illərdir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir və məsələni daim diqqət mərkəzində saxlayır. İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atıldığı dövrdə də Azərbaycan bu məsələni dəfələrlə Ermənistan rəhbərliyi qarşısında qaldırıb. Azərbaycanın əlində itkin düşmüş şəxslərin bir qisminin əsir və ya girov götürülməsini təsdiqləyən əsaslandırılmış faktlar mövcuddur və bu məlumatlar Ermənistan tərəfinə təqdim edilib. Lakin buna baxmayaraq, indiyədək dolğun və etibarlı cavab verilməyib. Bu isə iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən amillərdən biri olaraq qalır”.
Deputat bu addımların etimadın formalaşmasına və münasibətlərə müsbət təsir göstərəcəyini xüsusi olaraq vurğulayıb:
“Beynəlxalq müstəvidə də bu məsələ ardıcıl şəkildə gündəmdə saxlanılmalıdır. Birinci və İkinci Qarabağ müharibələri, eləcə də Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qaldığı dövrdə itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin taleyi ilə bağlı problemin bu gün də həll olunmaması beynəlxalq ictimaiyyətin diqqətinə mütəmadi çatdırılmalıdır. Təəssüf ki, bəzən bu istiqamətdə fəaliyyətimiz kampaniya xarakteri daşıyır. Halbuki aidiyyəti qurumlar və bu prosesdə iştirak etməli olan şəxslər daha sistemli və ardıcıl fəaliyyət göstərməlidirlər. Əks halda beynəlxalq ictimaiyyət bu məsələlər barədə kifayət qədər məlumatlı olmur. Ermənistan isə həqiqətə uyğun olmayan iddiaları beynəlxalq ictimaiyyətə təqdim etməkdə, diaspor təşkilatları və lobbi şəbəkələrinin dəstəyi ilə müxtəlif ölkələrin parlamentlərində və beynəlxalq platformalarda öz mövqeyini irəli sürməkdə kifayət qədər fəaldır. Təəssüf ki, biz isə bəzi hallarda həqiqətləri eyni səviyyədə dünya ictimaiyyətinə çatdıra bilmirik.”,- Arzuxan Əlizadə qeyd edib.
Arzuxan Əlizadə bir məqamı da diqqətə çatdırıb ki, hazırkı mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması ərəfəsində Ermənistanın Azərbaycan tərəfinin müraciətlərinə cavab verməsi, taleyi bu gün də naməlum qalan təxminən 4 min nəfərin aqibətinə aydınlıq gətirməsi mühüm əhəmiyyət kəsb edir.
“Bu, həm qarşılıqlı etimadın möhkəmlənməsinə, həm də iki ölkə arasında münasibətlərin normal məcrada inkişafına mühüm töhfə verə bilər”,-deyə, o əlavə edib.