AMİP-30

Lyayenin Azərbaycan səfəri: Bəzi Avropa qurumlarının ikili standartlarına cavab

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın inkişafı və regionda sülh prosesi əsas müzakirə mövzuları olub.

Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətində olduğunu bəyan edib, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesində əldə olunan nəticələr münasibətilə təbrik edərək Aİ-nin bu prosesə dəstəyinin davam edəcəyini vurğulayıb.

Lyayenin Bakı səfərinin əsas siyasi və strateji əhəmiyyəti nədən ibarətdir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, bu səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafından xəbər verir. O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa sadiq olduğunu bir daha nümayiş etdirdi: 

“Görüşdən sonra həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon Der Lyayenin mətbuata açıqlamalarında bir sıra məqamlar olduqca diqqəti cəlb etdi. Birincisi, növbəti dəfə göründü ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa sadiqdir. 

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir parçasıdır. Artıq uzun müddətdir ki, Azərbaycanın enerji daşıyıcıları Avropaya, konkret olaraq Avropanın 10 ölkəsinə nəql edilir. Azərbaycan Prezidenti gələcəkdə alternativ enerji imkanları ilə bağlı da məlumat verdi. 

Azərbaycanın alternativ enerji potensialı var. Külək enerjisi, su ehtiyatlarından əldə olunan enerji, eləcə də digər bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və gələcəkdə onların Avropa ölkələrinə ixracı ilə bağlı da açıqlamalar verildi”. Deputatın sözlərinə görə, Lyayenin Azərbaycana ikinci səfəri Aİ ilə münasibətlərdə yeni mərhələnin göstəricisidir: 

“Bu, Lyayenin Azərbaycana ikinci səfəridir. Onun birinci səfəri 2022-ci ildə baş tutmuşdu. Həmin səfərdən sonra Azərbaycanın Avropa ölkələrinə qaz ixracı artdı. Qaz ixracı ilə yanaşı, digər enerji daşıyıcılarının ixracı da getdikcə artır. Bu isə Azərbaycanla Avropa İttifaqına üzv ölkələr arasında münasibətlərin normal məcrada inkişaf etdiyini göstərir. 

Eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi gündəmdə olması, regionun əsas dövlətlərindən biri kimi çıxış etməsi ilə bağlı xanım Lyayen öz mövqeyini bildirdi. O, həmçinin Azərbaycan Prezidentini bölgədə əldə olunmuş sülhə və sabitliyə verdiyi töhfəyə görə təbrik etdi, xoş fikirlərini ifadə etdi. 

Azərbaycan Prezidentinin liderliyi ilə bölgədə yeni situasiyanın yaranması ilə bağlı da müsbət mövqe sərgilədi ki, bu da olduqca əhəmiyyətlidir. Bəzi Avropa qurumlarının Azərbaycana münasibətdə ikili standartlardan çıxış etdiyi bir vaxtda, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin, eləcə də digər Avropa rəsmilərinin, o cümlədən bundan əvvəl Azərbaycana səfər etmiş Kosta və digər rəsmilərin açıqladığı mövqelər birmənalı olaraq Azərbaycan-Avropa münasibətlərinin artan dinamika ilə inkişaf etdiyini göstərir”.
 
Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycan Avropa ilə əməkdaşlığın və sülh təşəbbüslərinin əsas hərəkətverici qüvvəsidir: 

“Azərbaycanın enerji daşıyıcılarının Avropanın 10 ölkəsinə ixrac edilməsi, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın enerji daşıyıcıları əvəzinə bazara daxil olması və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olması, təbii ki, olduqca vacib məsələlərdəndir. 

Eyni zamanda, Ermənistanla gələcəkdə sülh müqaviləsinin imzalanması ilə bağlı situasiyanın bünövrəsinin Azərbaycan tərəfindən  qoyulması da xüsusi olaraq qeyd olundu. Bütövlükdə vurğulandı ki, istər Avropa ölkələri ilə, istər qonşu region dövlətlərlə münasibətlərin inkişafı, həmçinin Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımların əsas hərəkətverici qüvvəsi Azərbaycan Prezidentidir. 

Bu məsələlərdə Azərbaycan xalqına və Prezidentinə uğurlar arzulandı. Ümumilikdə, bütün bunlar gələcək perspektivdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf edəcəyindən xəbər verən mühüm göstəricilərdir”.