AMİP-30

Deputat: NATO-nun Ankara Sammiti region üçün yeni geosiyasi mesajlar verir

Türkiyənin paytaxtı Ankarada NATO-nun dövlət və hökumət başçılarının 36-cı Liderlər Sammitinə hazırlıq işləri başa çatıb. İyulun 7-8-də keçiriləcək sammit ərəfəsində, iyulun 6-da NATO-nun Baş katibi Mark Ruttenin mətbuat konfransının baş tutacağı gözlənilir.

NATO rəsmilərinin qiymətləndirməsinə görə, mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində keçirilən sammit Alyansın gələcək strateji kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə xərclərinin artırılması və üzv ölkələr arasında yükün daha ədalətli bölüşdürülməsi əsas müzakirə mövzularından biri olacaq. Bununla yanaşı, Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən gərginlik, kibertəhlükəsizlik, texnoloji rəqabət və qlobal təchizat zəncirində yaranan problemlər də gündəliyin əsas istiqamətlərini təşkil edir.

Mövzu ilə bağlı 1xeber.media-ya açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Ankarada keçirilən 36-cı NATO Liderlər Sammiti hazırkı mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, qlobal təhlükəsizlik risklərinin artması, enerji və kibertəhlükəsizlik, eləcə də müdafiə sənayesinin gücləndirilməsi sammitin əsas gündəm mövzularıdır.

“Üzv dövlətlərin müdafiə xərclərinin artırılması, Alyansın kollektiv müdafiə imkanlarının gücləndirilməsi və NATO-nun yeni strateji prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm qərarların qəbul olunacağı gözlənilir”, – deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, sammitin məhz Ankarada keçirilməsi həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır.

Türkiyə NATO-nun aparıcı üzvlərindən biri olmaqla yanaşı, Avropa, Yaxın Şərq, Qara dəniz və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır. Bu baxımdan Ankaranın sammitə ev sahibliyi etməsi Türkiyənin Alyans daxilində artan nüfuzunun və regional təhlükəsizlik məsələlərində mühüm rolunun göstəricisidir”, – deyə o vurğulayıb.

Deputatın fikrincə, sammitdə qəbul ediləcək qərarlar yalnız NATO üzvləri üçün deyil, tərəfdaş ölkələr, o cümlədən Azərbaycan üçün də əhəmiyyət daşıyacaq.

“Azərbaycan uzun illərdir NATO ilə ‘Sülh naminə Tərəfdaşlıq’ proqramı çərçivəsində uğurlu əməkdaşlıq edir və beynəlxalq sülhməramlı missiyalarda etibarlı tərəfdaş kimi tanınır. Bu baxımdan Alyansın hərbi-texniki əməkdaşlıq, kibertəhlükəsizlik və böhranların idarə olunması sahəsində qəbul edəcəyi yeni yanaşmalar ölkəmiz üçün də praktik əhəmiyyət kəsb edə bilər”, – deyə Arzuxan Əlizadə bildirib.

Deputat əlavə edib ki, NATO-nun Qara dəniz hövzəsi, Şərqi Avropa və Cənubi Qafqazla bağlı gələcək təhlükəsizlik siyasəti regiondakı geosiyasi proseslərə birbaşa təsir göstərə bilər.

Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirərək regional sabitliyin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Buna görə də Ankarada keçirilən sammitin nəticələri ölkəmiz tərəfindən diqqətlə izlənilir. Sammitdən veriləcək mesajlar gələcək dövr üçün beynəlxalq təhlükəsizlik arxitekturasının əsas istiqamətlərini müəyyənləşdirəcək və qəbul olunacaq qərarlar Avroatlantik məkanın təhlükəsizlik mühitinə, regional əməkdaşlığa və tərəfdaş ölkələrlə münasibətlərə ciddi təsir göstərəcək”, – deyə deputat fikrini yekunlaşdırıb.