Parlament partiyaları növbəti hədəflərini açıqladılar
Sabah Milii Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası keçiriləcək. Deputatlar yay tətilinə yollanacaqlar.
Yay ayları bir çoxları üçün istirahət və dincəlmə dövrü olmaqla yanaşı, həm də geridə qalan fəaliyyətə nəzər salmaq, görülən işləri dəyərləndirmək və qarşıdakı hədəfləri müəyyənləşdirmək üçün fürsət hesab olunur. Parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri də bu baxımdan istisna deyil. Maraqlıdır, onlar builki parlament fəaliyyətini necə qiymətləndirirlər? Qarşıdakı sessiyada hansı təşəbbüslərlə çıxış etməyi planlaşdırırlar və yeni qanunvericilik dövrü ilə bağlı əsas prioritetləri nələr olacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq partiya sədrlərinə sorğu ünvanladıq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə builki parlament fəaliyyətlərini qənaətbəxş hesab edir:
“Amma bu, tam olaraq arxayınlıq gətirməməlidir. Təbii ki, daha fəal olmağa çalışacağıq. Bu sessiya dövründə həm komitə iclaslarında, eləcə də plenar iclasda, həmçinin parlament dinləmələrində müxtəlif qanun layihələrinin qəbulu ilə bağlı öz təkliflərimizi verdik, fikirlərimizi bildirdik. Amma hesab edirəm ki, daha aktiv olmaq mümkündür. Eləcə də bir sıra görüşlərdə parlament xətti ilə dostluq qruplarının tərkibində iştirak etdik və təbii ki, tətildən sonra bu fəaliyyətimizi bir qədər də intensivləşdirməyi və daha fəal olmağı hədəfləyirik”.
Sədr ümid edir ki, gələcək fəaliyyətləri bir qədər də əvvəlkilərə nisbətən daha məhsuldar olacaq:
“Eyni zamanda təmsil etdiyim dairədə seçicilərimizlə də mütəmadi olaraq çoxsaylı görüşlərimiz olub. Seçicilərin problemlərinin həlli istiqamətində komanda olaraq fəaliyyət göstərmişik və bu fəaliyyətimiz davam etməkdədir. Görüşlərimiz həm seçki dairəsində yerləşən ofisimizdə, eləcə də ayrı-ayrı qəsəbələrdə, məhəllələrdə seçicilərin müraciəti əsasında olub. Heç olmazsa seçicilərin problemləri ilə bağlı daha yaxından iştirak etmək və öz dəstəyimizi çatdırmağa çalışmışıq, bundan sonra da bu fəaliyyəti bir qədər də gücləndirməyi hədəfləyirəm”.