AMİP-30

Deputat: “Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını gündəmə çıxarması Fransada ciddi narahatlıq yaradır”

“Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha göstərir ki, beynəlxalq münasibətlər sistemində “insan hüquqları” anlayışı bəzi Qərb dövlətləri tərəfindən seçici və siyasi alət kimi istifadə olunur. Azərbaycan uzun illər ərzində əsassız ittihamlarla üzləşib, müxtəlif beynəlxalq platformalarda ölkəmizə təzyiq göstərmək cəhdlərinin şahidi olub. Halbuki eyni dairələr öz maraqlarına uyğun gələn hallarda oxşar və ya daha ciddi insan hüquqları pozuntularına göz yumurlar. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil edir və ikili standartların bariz nümunəsidir. Fransa bunun ən açıq nümunələrindən biridir. Bir tərəfdən müxtəlif ölkələrə insan hüquqları ilə bağlı iradlar bildirən Paris digər tərəfdən özünün dənizaşırı ərazilərində və keçmiş müstəmləkələrində illərlə davam edən hüquq pozuntularını görməzlikdən gəlir. Məhz buna görə də Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını beynəlxalq gündəmə çıxarması Fransada ciddi narahatlıq yaradır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli  Məclisin İnsan hüquqları komitəsini sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, insan hüquqları həqiqətən universal dəyərdirsə, o zaman bu prinsip bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməlidir: “Seçici yanaşma isə həmin dəyərlərin səmimiliyini şübhə altına alır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və xalqların bərabər hüquqlarına əsaslanır. Ölkəmiz heç vaxt insan hüquqları mövzusunun siyasi təzyiq vasitəsinə çevrilməsini qəbul etməyib və bundan sonra da qəbul etməyəcək. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirir, beynəlxalq ictimaiyyəti ikili standartlardan imtina edərək ədalətli və obyektiv yanaşma sərgiləməyə çağırır”.