AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

22 İyul – Milli Mətbuat Günü Münasibətilə Təbrik

Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər!

​Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq.

​1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha sübut edir ki, azad söz və obyektiv informasiya hər zaman cəmiyyətin inkişafının və dövlət müstəqilliyinin ana sütunlarından biri olmuşdur.Bu gün Azərbaycan mediası özünün yeni və dinamik inkişaf mərhələsini yaşayır. Media sahəsində həyata keçirilən köklü islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal medianın inkişafına verilən dəstək və peşəkarlığın artırılması istiqamətində atılan addımlar milli informasiya məkanımızın təhlükəsizliyinə xidmət edir.

Xüsusilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Bu tarixi zəfərlərin qazanılmasında və həqiqətlərin dərhal dünya ictimaiyyətinə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə jurnalistlərimizin göstərdiyi fədakarlıq hər türlü təqdirə layiqdir.

​Dövlət suverenliyimizin bərpasından sonra bir çox xarici güclər və dairələr tərəfindən ölkəmizə qarşı həyata keçirilən haqsız informasiya təzyiqləri və qərəzli kampaniyalar hələ də davam etməkdədir. Biz arxayınlaşmamalı, əldə etdiyimiz tarixi uğurların qorunmasını və təbliğini ən vacib prioritet hesab etməliyik.

İnformasiya müharibəsinin kəskinləşdiyi müasir dövrdə mediasının üzərinə düşən məsuliyyət qat-qat artmışdır. Operativliklə yanaşı; obyektivlik, qərəzsizlik, peşə etikası və milli maraqlara sadiqlik hər bir jurnalistin dəyişməz fəaliyyət prinsipi olmalıdır. Azərbaycan mediasının bundan sonra da ölkəmizə qarşı yönələn hücumların dəf edilməsində, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsində və milli həmrəyliyimizin gücləndirilməsində daha fəal mövqe nümayiş etdirəcəyinə inamımız tamdır.

​Dəyərli mətbuat işçiləri!

​Bu əlamətdar gün münasibətilə hər birinizi bir daha təbrik edir, Azərbaycan dövlətinin çiçəklənməsi və milli maraqlarımızın müdafiəsi yolundakı şərəfli və məsuliyyətli fəaliyyətinizdə bol nailiyyətlər arzulayırıq!

​Milli Mətbuat Gününüz mübarək olsun!