Azərbaycan Avropa üçün təkcə tərəfdaş deyil
Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub.
Dövlət başçısı bununla bağlı deyib:
“Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək”.
“Cebheinfo.az”- a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair verdiyi mesaj Azərbaycanın xarici siyasət kursunun ardıcıl, balanslaşdırılmış və milli maraqlara söykəndiyini bir daha nümayiş etdirir:
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərini xüsusi vurğulaması təsadüfi deyil. Bu səfərlər göstərir ki, Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş və regionun əsas siyasi-iqtisadi aktorlarından biri kimi qiymətləndirir.
Təsadüfi deyil ki, bu il 11 mart tarixində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, 5 may tarixində Avropa İttifaqının diplomatiya və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, 1–2 iyul tarixlərində isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər ediblər.
Bu ardıcıl təmaslar Avropa İttifaqının Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini, siyasi dialoqun intensiv xarakter aldığını və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir”.
Deputat əlavə edib ki, Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti enerji ilə məhdudlaşmır:
“Azərbaycan uzun illərdir Avropa ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və suverenliyə ehtiram prinsipləri əsasında qurur.
Prezident İlham Əliyevin çıxışında da məhz bu prinsip ön plana çəkildi. Rəsmi Bakı əməkdaşlığın genişlənməsində maraqlıdır, lakin bu əməkdaşlıq heç vaxt siyasi təzyiq, ikili standartlar və daxili işlərə müdaxilə üzərində qurula bilməz.
Son dövrlərdə Brüsselin Azərbaycanla dialoqu intensivləşdirməsi də daha praqmatik yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ildən-ilə artır.
Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri, Orta Dəhlizin inkişafı və nəqliyyat-logistika imkanları Azərbaycanı Avropa üçün strateji tərəfdaşa çevirib. Bu baxımdan, münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, ticarət, investisiya, rəqəmsal inkişaf, nəqliyyat və regional təhlükəsizlik kimi istiqamətləri də əhatə edir”.
Arzuxan Əlizadə qeyd edib ki, Aİ rəsmilərinin Bakıya səfərləri Azərbaycanın artan nüfuzunu təsdiqləyir:
“Nəticə etibarilə, Prezident İlham Əliyevin Berlində səsləndirdiyi mesaj göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın inkişafında maraqlıdır.
Son aylarda Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin Bakıya ardıcıl səfərləri də təsdiq edir ki, Azərbaycan artıq Avropa üçün təkcə enerji tərəfdaşı deyil, həm də regionun təhlükəsizliyi, sabitliyi və iqtisadi əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan dövlətdir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin daha da artmasının göstəricisidir”.