AMİP-30

Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

Ermənistanın Sünik vilayətində keçirilən Ermənistan-İran ekspert-analitik forumu regionda nəqliyyat-kommunikasiya layihələri ətrafında geosiyasi rəqabəti yenidən gündəmə gətirib. Forumda ABŞ-ın təşəbbüsü olan TRIPP infrastruktur layihəsinə qarşı səsləndirilən mövqelər, həmçinin Azərbaycan və ABŞ-ın iştirakı ilə razılaşdırılmış nəqliyyat kommunikasiyalarının açılmasının ləngidilməsinə yönələn çağırışlar diqqət çəkib.

Tədbirdə Ermənistan, İran və Rusiya ilə əlaqəli ekspert və diplomatların iştirakı forumun koordinasiyalı xarakter daşıdığı barədə müzakirələrə səbəb olub. Çıxışlarda TRIPP layihəsinin “riskləri”, Mehri marşrutunda Qərb iştirakının “təhlükəsizlik təhdidi” olduğu iddia edilib, eyni zamanda layihənin İranın nəqliyyat şəbəkəsi ilə əlaqələndirilməsi təklifləri səsləndirilib.

Müşahidəçilərin fikrincə, forumda irəli sürülən yanaşmaların məqsədi TRIPP layihəsinin icrasını çətinləşdirmək, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması prosesini ləngitmək və regionda formalaşan yeni logistika marşrutlarına təsir göstərməkdir.

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinə qarşı Ermənistan və İranın Sünikdə təşkil etdiyi ekspert forumunda səsləndirilən fikirlər regionda formalaşan yeni əməkdaşlıq mühitinə uyğun deyil:

“ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinə qarşı Ermənistan və İranın Sünikdə keçirdiyi ekspert forumunda səsləndirilən fikirlər Cənubi Qafqazda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinə uyğun gəlmir. Regionda dayanıqlı sülhün təmin olunması üçün ilk növbədə nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın gücləndirilməsi vacibdir. İstənilən layihəyə siyasi və ya ideoloji prizmadan yanaşaraq onun reallaşmasına mane olmağa çalışmaq region ölkələrinin uzunmüddətli maraqlarına xidmət etmir”.

Deputatın sözlərinə görə, Azərbaycan kommunikasiyaların açılmasının bütün region dövlətlərinə fayda verəcəyini dəfələrlə bəyan edib:

“Azərbaycan dəfələrlə bildirib ki, kommunikasiya xətlərinin açılması bütün region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq, ticarət dövriyyəsini artıracaq və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, müxtəlif platformalarda belə təşəbbüslərə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş çıxışlar sülh prosesini sürətləndirmək əvəzinə, etimadsızlığı daha da dərinləşdirə bilər”.

A.Əlizadə hesab edir ki, region dövlətləri geosiyasi rəqabət deyil, qarşılıqlı fayda prinsipi əsasında hərəkət etməlidirlər:

“Hesab edirəm ki, Cənubi Qafqaz ölkələri geosiyasi rəqabətdən deyil, qarşılıqlı fayda və əməkdaşlıq prinsipindən çıxış etməlidirlər. Kommunikasiya layihələrinin qarşısını almağa çalışmaq əvəzinə, onların yaradacağı iqtisadi və strateji imkanlardan istifadə etmək daha doğru yanaşmadır. Bu, həm regional sabitliyin, həm də uzunmüddətli iqtisadi inkişafın əsas təminatlarından biridir”.

Deputat vurğulayıb ki, Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır:

“Cənubi Qafqaz artıq qarşıdurma məkanı deyil, əməkdaşlıq platformasına çevrilmək potensialına malikdir. Xarici təsirlər və ya ayrı-ayrı siyasi dairələrin prosesləri siyasiləşdirmək cəhdləri region ölkələrinin milli maraqlarından üstün tutulmamalıdır”.

A.Əlizadənin fikrincə, davamlı sülhə nail olmaq üçün bütün tərəflər konstruktiv dialoqa üstünlük verməlidirlər:

“Əgər məqsəd həqiqətən də sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunmasıdırsa, bütün tərəflər konstruktiv dialoqa üstünlük verməli, beynəlxalq hüquqa əsaslanan razılaşmaların icrasına dəstək göstərməlidirlər. Kommunikasiya xətlərinin açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika xəritəsində strateji əhəmiyyətini artıracaq, regionun qlobal iqtisadi layihələrdə rolunu daha da gücləndirəcək”.