AMİP-30

Deputat: “Təhqir, böhtan və təhdid dili heç bir problemin həllinə xidmət etmir”

“Azərbaycan rəsmiləri ictimai suallardan yayınmır və müxtəlif platformalarda öz mövqelərini açıq şəkildə ifadə edirlər. Əgər hər hansı irad və ya tənqid faktlara əsaslanırsa, onun cavabı da arqumentlərlə verilir. Təəssüf ki, bəzi mühacir dairələrinin fəaliyyətində isə konstruktiv müzakirədən daha çox təhqir, şantaj və qarşıdurma yaratmaq cəhdləri müşahidə olunur. Belə yanaşma nə ictimai etimad qazandırır, nə də sağlam siyasi dialoqa xidmət edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, demokratik mühitdə fikir müxtəlifliyi normal haldır, lakin bu, qarşı tərəfi təhqir etmək və ya təhdid dili ilə danışmaq anlamına gəlmir: “Cəmiyyət də zaman keçdikcə emosional çıxışlarla əsaslandırılmış mövqeləri bir-birindən ayırmağı bacarır. Hesab edirəm ki, siyasi mübarizə və ictimai müzakirələr qarşılıqlı hörmət, hüquq normaları və faktlara əsaslanan arqumentlər üzərində qurulmalıdır. Yalnız bu halda sağlam ictimai fikir formalaşa və dövlətlə cəmiyyət arasında etimad daha da möhkəmlənə bilər. Bununla yanaşı, xarici ölkələrdə yaşayan şəxslərin də fikir və tənqidlərini hüquqi çərçivədə, etik normalara uyğun şəkildə ifadə etməsi vacibdir. İctimai və siyasi polemika emosiyalar üzərində deyil, sübutlar və məntiqi arqumentlər üzərində qurulduqda həm cəmiyyət, həm də dövlət üçün faydalı nəticələr verir. Təhqir, böhtan və təhdid dili isə heç bir problemin həllinə xidmət etmir, əksinə, sağlam dialoq imkanlarını zəiflədir və ictimai müzakirələrin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, cəmiyyət də məsuliyyətli informasiya istehlakçısı olmalı, faktlarla manipulyasiya cəhdlərini ayırd etməyi bacarmalıdır. Yalnız qarşılıqlı hörmətə və qanunun aliliyinə əsaslanan münasibətlər demokratik inkişafın və ictimai sabitliyin əsas şərtlərindən biridir”.