AMİP-30

Orta Dəhlizin inkişafına töhfə verəcək SƏFƏR

“Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın türk dünyası ilə strateji tərəfdaşlıq siyasətinin ardıcıl şəkildə inkişaf etdiyini göstərən mühüm diplomatik hadisədir”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri ilə bağlı danışarkən deyib. 

O bildirib ki, yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirir:

“Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi və siyasi zəmin yaradır. 

Xüsusilə müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir”.

Deputat əlavə edib ki, Azərbaycan və Qırğız Respublikasını ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir:

“Son illərdə dövlət başçıları arasında formalaşan səmimi dialoq bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı investisiyaların artmasına, ticarət dövriyyəsinin genişlənməsinə və birgə layihələrin həyata keçirilməsinə əlverişli imkanlar yaradır. 

Bu baxımdan, dövlət səfəri yalnız bugünkü münasibətlər üçün deyil, uzunmüddətli strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır”.

Arzuxan Əlizadə qeyd edib ki, bu səfər Orta Dəhlizin inkişafına mühüm töhfə verir:

“Bu səfər həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsinə, Orta Dəhlizin inkişafına və regionda qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə xidmət edir. 

Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu davamlı olaraq artırır. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri də bu siyasətin uğurlu nəticələrindən biri kimi qiymətləndirilməli, iki qardaş ölkə arasında əlaqələrin gələcək inkişafına mühüm töhfə verəcək əhəmiyyətli addım hesab olunmalıdır”.