AMİP-30

“Ağdam-Xankəndi dəmir yolunun istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına imkan verəcək” – Arzuxan Əlizadə

İşğaldan azad olunan torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsası qoyulan bir çox layihələr uğurla davam etdirilir. Bu layihələr arasında 3 iyul 2024-cü ildə əsası qoyulan Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi də yer alır. Son məlumatlara görə, artıq Ağdam-Xankəndi dəmir yolu xəttində Qarabağın nəqliyyat infrastrukturunun bərpası və bölgənin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən strateji layihə üzrə işlərin 90 faizi tamamlanıb.

Dəmir yolu xəttində əsas tikinti işlərinin və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışının 2026-cı ilin sonunadək reallaşdırılması planlaşdırılır.

Bu layihənin əhəmiyyəti barədə Patrul.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu dəmir yolu xətti sayəsində yeni iş yerləri yaranacaq:

“Ağdam-Xankəndi dəmir yolunun tikintisi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma prosesinin strateji istiqamətlərindən biridir. Bu layihə təkcə yeni nəqliyyat xəttinin inşası deyil, həm də Qarabağın ölkənin vahid iqtisadi və nəqliyyat məkanına tam inteqrasiyasını təmin edəcək mühüm dövlət layihəsidir. Dəmir yolunun istifadəyə verilməsi yük və sərnişin daşımalarının həcmini artıracaq, logistika imkanlarını genişləndirəcək, sahibkarlığın inkişafına, investisiya axınının sürətlənməsinə və yeni iş yerlərinin yaradılmasına ciddi töhfə verəcək”.

Həmsöhbətimizin sözlərinə görə, bu layihə Böyük Qayıdış proqramına da öz töhfəsini verəcək:

“Bununla yanaşı, layihə Böyük Qayıdış Proqramının uğurla icrasına da mühüm dəstək olacaq. Müasir nəqliyyat infrastrukturu məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıtmasını, bölgədə iqtisadi aktivliyin artmasını və dövlət xidmətlərinin əlçatanlığını təmin edəcək. Ağdam-Xankəndi dəmir yolu Azərbaycanın Qarabağda uzunmüddətli inkişaf, dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş strategiyasının mühüm elementlərindən biridir. Bu layihə eyni zamanda bir daha nümayiş etdirir ki, Azərbaycan azad olunmuş ərazilərdə bərpa işlərini ardıcıl və sistemli şəkildə həyata keçirərək həmin bölgəni Cənubi Qafqazın mühüm iqtisadi və logistik mərkəzlərindən birinə çevirmək əzmindədir”.