AMİP-30

907-ci maddəyə yanaşmanın dəyişməsi Bakı-İrəvan münasibətlərinə necə təsir edə bilər?

Vaşinqtonda 907-ci maddənin gələcəyi ilə bağlı aparılan siyasi müzakirələr göstərir ki, ABŞ-nin Cənubi Qafqaz siyasəti artıq yalnız lobbi təsirləri ilə deyil, enerji təhlükəsizliyi, regional sabitlik və geosiyasi maraqlarla formalaşır. Bu məsələ ətrafında gedən debat Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin yenidən qiymətləndirildiyini göstərən mühüm siqnal kimi qəbul edilə bilər. Əgər Bakı ilə əməkdaşlığın genişləndirilməsi meyli güclənirsə, bu, postmünaqişə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə daha açıq şəkildə nəzərə alınmasının göstəricisi ola bilər.

  • ABŞ-də 907-ci maddə ilə bağlı yanaşmanın dəyişməsi Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafına necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-də 907-ci maddənin gələcəyi ilə bağlı müzakirələrə yalnız texniki və ya hüquqi məsələ kimi yanaşmaq düzgün olmazdı.

“Burada daha geniş geosiyasi proseslər və ABŞ-nin Cənubi Qafqazda dəyişən prioritetləri özünü göstərir. Azərbaycan artıq regionda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, regional sabitlik və Avropa ilə Asiya arasında bağlantı baxımından mühüm strateji tərəfdaş kimi çıxış edir. Bu reallıqlar Vaşinqtonun Bakı ilə münasibətlərə yanaşmasında da müəyyən dəyişikliklərin yaranmasını şərtləndirir.

907-ci maddəyə yanaşmanın dəyişməsi Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər. Çünki postmünaqişə mərhələsində ABŞ-nin hər iki ölkəyə münasibətdə daha balanslı və reallıqlara əsaslanan siyasət yürütməsi sülh prosesinin möhkəmlənməsinə xidmət edə bilər”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bundan sonrakı mərhələdə əsas məsələ regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsidir.

Arzuxan Əlizadənin fikrincə, başqa tərəfdən, ABŞ-nin regiondakı strateji maraqları gücləndikcə, ayrı-ayrı lobbi qruplarının Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir imkanlarının əvvəlki səviyyədə qalması çətinləşə bilər. Siyasi qərarların formalaşmasında dövlətlərin milli və strateji maraqları daha böyük çəki qazanır. Ermənistan lobbisinin təsir imkanları tamamilə aradan qalxmasa da, ABŞ-Azərbaycan münasibətlərinin enerji, təhlükəsizlik, logistika və geosiyasi əməkdaşlıq baxımından əhəmiyyətinin artması bu təsirin balanslaşdırılmasına gətirib çıxara bilər.

Deputatın fikrincə, 907-ci maddənin tamamilə ləğv edilməsi isə Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə aça bilər. Bu, ilk növbədə, münasibətlərdə uzun illər mövcud olmuş hüquqi-siyasi məhdudiyyətin aradan qaldırılması deməkdir.

“Bu həm də müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və regional əməkdaşlıq sahələrində daha geniş imkanların yaranmasına şərait yarada bilər. Əsas məsələ ABŞ ilə Azərbaycanın münasibətlərinin qarşılıqlı maraq və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə keçirilməsidir”, – deyə o əlavə edib.