AMİP-30

Deputat: “Gənclərin uğuru Azərbaycanın uğurudur”

Hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün gənclərin cəmiyyətin inkişafında roluna diqqət çəkmək, onların hüquq və imkanlarını təşviq etmək, qarşılaşdıqları problemlərin həllinə dair müzakirələri genişləndirmək məqsədi daşıyır. Azərbaycanda da gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır, gənclərin təhsil, məşğulluq, sosial və ictimai həyatda fəal iştirakı üçün müxtəlif layihələr həyata keçirilir.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə  bildirib ki, gənclər ölkəmizin ən böyük potensialını təşkil edir:

“Gənclərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakı Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün gənclərimiz üçün təhsil, məşğulluq, sahibkarlıq, innovasiya və idarəetmə sahələrində geniş imkanlar yaradılır. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək və əldə olunan bilik və təcrübəni ölkənin inkişafına yönəltməkdir”. 

Deputat gənclərə çağırış edərək, daim öz üzərlərində işləmələrinin vacibliyini vurğulayıb:

Gənclərimiz daim öz üzərlərində işləməli, müasir dünyada baş verən prosesləri yaxından izləməli, yeni bilik və bacarıqlara yiyələnməli, təşəbbüskar və fəal olmalıdırlar. Eyni zamanda, milli-mənəvi dəyərlərimizi qorumaq, dövlətçilik ənənələrinə bağlı olmaq və cəmiyyət qarşısında məsuliyyət hissini gücləndirmək də mühüm əhəmiyyət daşıyır. Çünki güclü və savadlı gənclik güclü dövlətin əsas dayaqlarından biridir”. 

Arzuxan Əlizadə bildirib ki, Azərbaycan gənclərinin uğuru ölkəmizin uğurudur:

“İnanıram ki, Azərbaycan gəncləri qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün öz potensiallarından maksimum istifadə edəcək və ölkəmizin gələcək inkişafında daha fəal rol oynayacaqlar. Onların uğuru Azərbaycanın uğurudur. Bu əlamətdar gündə bütün gənclərimizi təbrik edir, onlara təhsil və fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və böyük hədəflərə çatmaq əzmi arzulayıram”.