AMİP-30
arzuxan

İranın əsas qırmızı xətti TRIPP deyil, ABŞ-ın regionda hərbi mövcudluğudur – ARZUXAN ƏLİZADƏ

Cənubi Qafqazda yeni nəqliyyat və təhlükəsizlik arxitekturasının formalaşması fonunda İranın TRIPP layihəsinə qarşı ritorikası yenidən sərtləşir. İranın ali hərbi rəhbərliyinə yaxın mövqedə dayanan general-mayor Yəhya Rəhim Səfəvinin layihənin hazırkı formatını İran üçün təhlükə adlandırması və ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisində təhlükəsizlik məsuliyyəti daşıması halında Tehranın “müvafiq tədbirlər görmək” hüququnu saxladığını açıqlaması bölgədə yeni suallar yaradıb.

Maraqlıdır, region İran üzərindən hansı dalğalarla üz-üzədir?

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir.

– Zəngəzur dəhlizinin – TRIPP-in reallaşması İran-Ermənistan münasibətlərinə, Azərbaycanla İran arasındakı əlaqələrə və bütövlükdə Cənubi Qafqazda güc balansına necə təsir göstərəcək?

– TRIPP-in reallaşması Cənubi Qafqazın nəqliyyat və geoiqtisadi xəritəsində ciddi dəyişikliklər yarada bilər. İlk növbədə, Azərbaycanla Naxçıvan arasında yeni bağlantının formalaşması regionun Şərq–Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək. Bu proses İran üçün həm müəyyən çağırışlar, həm də yeni imkanlar yaradır. İran ərazisindən keçən marşrutlarla yeni formalaşacaq bağlantılar arasında rəqabət yarana bilər. Bununla belə, hesab edirəm, TRIPP Azərbaycan–İran münasibətlərinin mütləq şəkildə pisləşməsinə səbəb olmamalıdır. Əksinə, Azərbaycan İranla Şimal-Cənub dəhlizi, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı davam etdirə bilər. Ümumilikdə isə TRIPP regionda bir ölkənin dominantlığını deyil, çoxşaxəli nəqliyyat və iqtisadi əlaqələr sistemini gücləndirə bilər.

– İranlı general Yəhya Rəhim Səfəvinin TRIPP layihəsini İran üçün “təhlükə” adlandırması və ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisində təhlükəsizlik məsuliyyəti daşıyacağı təqdirdə “müvafiq tədbirlər” görüləcəyini açıqlaması nə dərəcədə ciddi hərbi-siyasi xəbərdarlıqdır?

– Yüksəksəviyyəli iranlı generalın belə açıqlama verməsi, şübhəsiz, ciddi siyasi-hərbi mesajdır. Xüsusilə “müvafiq tədbirlər” və “qisas” xarakterli ifadələrin işlədilməsi Tehranın layihənin təhlükəsizlik komponentinə həssas yanaşdığını göstərir. Ancaq bu açıqlamanı dərhal hərbi əməliyyat hazırlığı və ya konkret hərbi addım kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ İranın Ermənistan ərazisində ABŞ-nin mümkün hərbi və təhlükəsizlik iştirakını öz milli təhlükəsizliyinə təhdid hesab etməsidir. Eyni zamanda, Rəhim Səfəvinin Ermənistanla danışıqların davam etdiyini vurğulaması göstərir ki, Tehran hələlik diplomatik kanalları açıq saxlamaqda maraqlıdır. Ona görə bu bəyanatı, ilk növbədə, ciddi xəbərdarlıq və çəkindirmə mesajı kimi qiymətləndirərdim.

– Tehranın əsas narahatlığı TRIPP-in nəqliyyat və kommunikasiya layihəsi olmasıdır, yoxsa Ermənistan ərazisində ABŞ-nin mümkün təhlükəsizlik və hərbi iştirakıdır? İran hansı ssenarini özünün “qırmızı xətti” hesab edir?

– Fikrimcə, İranın əsas narahatlığı TRIPP-in nəqliyyat layihəsi olmasından daha çox onun təhlükəsizlik və geosiyasi komponentidir. Əlbəttə, Azərbaycanın Naxçıvanla yeni quru bağlantısının yaranması İranın regiondakı tranzit mövqeyinə müəyyən təsir göstərə bilər. Tehran üçün daha həssas məsələ Ermənistan ərazisində ABŞ-nin hərbi və ya təhlükəsizlik baxımından uzunmüddətli mövcudluğunun formalaşmasıdır. İran ABŞ və İsraillə onsuz da ciddi qarşıdurma içərisindədir və sərhədlərinə yaxın ərazidə ABŞ-nin əlavə strateji mövqe əldə etməsini öz təhlükəsizliyi baxımından risk kimi qəbul edir. Bu baxımdan, İranın əsas “qırmızı xəttinin” TRIPP-in özü deyil, layihənin ABŞ-ın regionda hərbi-strateji platformasına çevrilməsi ehtimalı olduğunu düşünürəm.

– Rəhim Səfəvinin Ermənistanla danışıqların davam etdiyini və İran–Ermənistan sərhədinə nəzarətin Ermənistan sərhədçilərində qalmasının Tehran üçün daha məqbul olduğunu vurğulaması İranın layihəyə tamamilə qarşı olmadığını, yoxsa yalnız ABŞ faktorunu qəbul etmədiyini göstərir?

– İranın belə bəyanatlardan sonra atacağı ən real addımların ilk mərhələdə diplomatik və siyasi xarakter daşıması daha mümkündür. Tehran Ermənistan rəhbərliyi ilə danışıqları intensivləşdirə, layihənin təhlükəsizlik mexanizmlərinə təsir göstərməyə və ABŞ-nin prosesdəki rolunun məhdudlaşdırılmasına çalışa bilər. Eyni zamanda İran sərhəd ərazilərində hərbi təlimlərin və hərbi mövcudluğun artırılması yolu ilə də siyasi mesaj verə bilər. İqtisadi və informasiya vasitələri də istisna deyil. Ermənistan ərazisinə qarşı birbaşa hərbi təzyiq göstərilməsi daha təhlükəli ssenaridir. Belə bir addım İranın həm Ermənistanla, həm Azərbaycanla, həm də digər regional və beynəlxalq aktorlarla münasibətlərinə ciddi zərər vura bilər. Buna görə hazırda diplomatik təzyiq və siyasi təsir vasitələrini hərbi müdaxilədən daha real hesab edirəm.

– İranın bu təhdidləri praktik müstəvidə hansı formada reallaşa bilər?

– Bu açıqlama, əslində, İranın mövqeyinin kifayət qədər aydın konturlarını göstərir. Tehran TRIPP-in bütün elementlərini eyni səviyyədə qəbuledilməz hesab etmir. İran üçün əsas məsələ Ermənistanın sərhədləri üzərində nəzarətin Ermənistan dövlətində qalması və üçüncü ölkənin, xüsusilə də ABŞ-nin burada hərbi təhlükəsizlik funksiyası əldə etməməsidir. Deməli, İranın mövqeyini “TRIPP ümumiyyətlə həyata keçirilməsin” formasında izah etmək doğru olmaz. Daha çox layihənin hansı modeldə və hansı təhlükəsizlik mexanizmi ilə həyata keçiriləcəyi Tehran üçün prinsipial əhəmiyyət daşıyır. Ermənistanla danışıqların davam etdirilməsi də göstərir ki, İran hələ siyasi-diplomatik yolla öz narahatlıqlarına cavab almağa çalışır.

– Tehran Ermənistana qarşı hərbi təzyiq göstərə, sərhəddə hərbi qüvvələrini artıra və ya TRIPP-in həyata keçirilməsinə müxtəlif vasitələrlə mane ola bilərmi? TRIPP-in reallaşması İranın Azərbaycanla münasibətlərinə necə təsir edə bilər?

– İranın narahatlıqları arasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni bağlantının yaranmasının da müəyyən rolu olduğunu düşünmək mümkündür. TRIPP-in fəaliyyətə başlaması regionda yeni tranzit xəritəsinin formalaşmasına gətirib çıxaracaq və İranın hazırkı tranzit imkanları ilə rəqabət yarada bilər. Bunu yalnız İranın Azərbaycanın Naxçıvanla əlaqəsini istəməməsi kimi təqdim etmək düzgün olmaz. Tehranın öz ərazisindən keçən nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyətini qorumaq istəyi də var. Azərbaycan baxımından isə Naxçıvanla quru bağlantının yaradılması strateji əhəmiyyət daşıyır. Hesab edirəm, regionda əsas məqsəd hansısa ölkənin marşrutdan kənarlaşdırılması deyil, bütün mümkün bağlantıların inkişaf etdirilməsi olmalıdır.

– ABŞ-nin Cənubi Qafqazda artan iştirakı İran-Rusiya münasibətlərinə də təsir edə bilərmi? Moskva TRIPP məsələsində Tehranın narahatlıqlarını nə dərəcədə bölüşür?

– ABŞ-nin Cənubi Qafqazda iqtisadi və təhlükəsizlik baxımından rolunun artması həm İranın, həm də Rusiyanın diqqətindədir. Moskva da regionda ABŞ-nin uzunmüddətli təsir imkanlarının genişlənməsində öz geosiyasi mövqeləri baxımından müəyyən risklər görə bilər. Bu mənada Rusiya ilə İranın bəzi narahatlıqları üst-üstə düşür. Lakin Moskva ilə Tehranın maraqlarını tamamilə eyniləşdirmək də doğru deyil. Rusiyanın əsas narahatlığı Cənubi Qafqazda ənənəvi təsir imkanlarının zəifləməsi, İranın narahatlığı isə bununla yanaşı ABŞ-nin öz sərhədlərinə yaxınlaşması və təhlükəsizlik risklərinin artmasıdır. Ona görə Moskva müəyyən məsələlərdə Tehranın narahatlığını bölüşə bilər, amma bu, Rusiyanın TRIPP məsələsində İranın bütün mövqeyini avtomatik olaraq dəstəkləyəcəyi anlamına gəlmir.