AMİP-30

İşğaldan azad edilən ərazilərdə təbiət yenidən canlanır – Ekoloji bərpa prosesi sürətlənir

İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın uzun illər ərzində törətdiyi ekoloji cinayətlərin nəticələri bu gün də özünü göstərir. Meşələrin məhv edilməsi, ağacların qanunsuz kəsilməsi, torpaqların çirkləndirilməsi və təbii sərvətlərə ciddi ziyan vurulması həmin ərazilərin ekoloji vəziyyətinə mənfi təsir göstərib.

Son 6 il ərzində isə azad edilmiş ərazilərdə ətraf mühitin bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Ağacəkmə aksiyaları keçirilir, yeni yaşıllıq zolaqları salınır, meşələrin bərpası və biomüxtəlifliyin qorunması istiqamətində tədbirlər görülür. Bununla yanaşı, şəhər və kəndlərin yenidən qurulması prosesində ekoloji amillərin nəzərə alınmasına xüsusi diqqət yetirilir.

Ekologiya və təbii sərvətlər nazirinin fəaliyyəti dövründə azad edilmiş ərazilərə səfərlər və burada ekoloji məsələlərlə bağlı görüşlər də diqqət çəkir. Nazir 15 may 2026-cı ildə Laçın rayonunda Laçın və Kəlbəcər sakinlərini qəbul edib. Görüş zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, eləcə də digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan problemlərin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Laçında keçirilən bu görüş də azad edilmiş ərazilərdə ekoloji məsələlərin diqqətdə saxlanıldığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış təbiətin bərpası uzunmüddətli və kompleks yanaşma tələb edir. Bu ərazilərdə meşələrin yenidən salınması, su ehtiyatlarının qorunması, torpaqların bərpası və biomüxtəlifliyin mühafizəsi qarşıdakı dövrün əsas ekoloji istiqamətlərindən biri olaraq qalır.

Bununla bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın uzun illər ərzində törətdiyi ekoloji cinayətlərin fəsadları bu gün də açıq şəkildə müşahidə olunur:

“Meşələrin məhv edilməsi, ağacların kütləvi və qanunsuz şəkildə kəsilməsi, torpaqların və su ehtiyatlarının çirkləndirilməsi həmin ərazilərin ekoloji tarazlığına ciddi zərbə vurub. Buna görə də ərazilərin bərpası yalnız infrastrukturun yenidən qurulması deyil, eyni zamanda təbiətin özünün bərpasını da əhatə edən uzunmüddətli prosesdir. Son altı ildə həyata keçirilən ağacəkmə və yaşıllaşdırma aksiyaları bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yeni meşə massivlərinin və yaşıllıq zolaqlarının salınması, su ehtiyatlarının qorunması, torpaqların bərpası və ekosistemin yenidən canlandırılması azad edilmiş ərazilərin gələcəkdə daha sağlam və dayanıqlı yaşayış məkanlarına çevrilməsinə xidmət edir”.

O deyib ki, burada əsas məqsəd sadəcə dağıdılmış əraziləri əvvəlki vəziyyətinə qaytarmaq deyil, müasir ekoloji standartlara cavab verən yeni bir mühit formalaşdırmaqdır:

“Eyni zamanda, genişmiqyaslı tikinti və bərpa işlərinin ətraf mühitə təsirinin minimuma endirilməsi xüsusi diqqət tələb edir. Yeni şəhər və kəndlərin salınması zamanı yaşıllıqların qorunması, su və enerji resurslarından səmərəli istifadə, tullantıların idarə olunması və ekoloji standartlara riayət olunması vacibdir. Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası həm də Azərbaycanın ekoloji siyasətinin praktik nümunəsinə çevrilməlidir. Bu ərazilərin yenidən qurulması ilə yanaşı, təbiətin bərpası da gələcək nəsillər qarşısında mühüm məsuliyyətimizdir”.