AMİP-30

Afsəddin Nəbiyev: “Burada söhbət sadəcə BMT-yə qarşı kompensasiya tələbindən getmir”

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb.

Dövlət başçısı bununla bağlı deyib: “Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, – yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, – ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”.

Doğurdan da əgər BMT sistemi normal fəaliyyət göstərsəydi, Azərbaycanın ərazilərini dinc yolla geri qaytarardı və nəticədə müharibə də olmazdı. Bu qədər maliyyə yükü dövlətin üzərinə düşməzdi. Yəni işğalın müddəti uzanıb bu qədər böyük miqyasda Azərbaycana ziyan vurmazdı. Bütün bunları nəzərə alaraq Azərbaycanın bax bu BMT-yə qarşı hərhansı bir kompensasiya, maddi iddia qaldırmaq hüququ ən azı siyasi cəhətdən varmı? BMT-nin bu laqeyidsizliyi ucbatından Azərbaycana dəyən maddi ziyanın hədsiz dərəcədə böyüməsinə görə ölkəmiz bu təşkilata qarşı siyasi planda, siyasi müstəvidə ən azı iddianamə qaldıra bilərmi? BMT-nin özünü Beynəlxalq Məhkəməyə verə bilərikmi?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər beynəlxalq hüququn işləkliyi baxımından son dərəcə mühüm bir məsələyə diqqət çəkir. Azərbaycan 30 il ərzində öz ərazilərinin işğalı ilə üz-üzə qaldı. Halbuki həmin dövrdə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiq edən, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdi. Buna baxmayaraq, həmin qətnamələrin icrası uzun illər təmin olunmadı. Məhz bu məqam Prezident Əliyevin vurğuladığı məsələnin mahiyyətini ortaya qoyur. Əgər beynəlxalq hüququn tətbiqi mexanizmləri vaxtında və effektiv işləsəydi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bu qədər uzunmüddətli və ağır müharibə yolu keçməyə məcbur qalmazdı. İşğalın uzanması Azərbaycanın yalnız insan itkiləri ilə yanaşı həm də böyük iqtisadi, maliyyə, sosial və humanitar itkilərlə üzləşməsinə səbəb oldu. Yüz minlərlə insan doğma torpaqlarından didərgin düşdü, yaşayış məntəqələri, infrastrukturlar, tarixi və mədəni irs obyektləri dağıdıldı”.

A.Nəbiyev hesab edir ki, bu baxımdan artıq yalnız “qətnamələr niyə icra olunmadı?” sualını deyil, “beynəlxalq hüququn qərarlarının icrasız qalmasının nəticələrinə görə beynəlxalq sistem daxilində hansı hüquqi və siyasi mexanizmlər mövcud olmalıdır?” sualını da ortaya qoymaq lazımdır: “Hesab edirəm ki, Azərbaycanın qarşısında mühüm siyasi-diplomatik istiqamətlərdən biri BMT qətnamələrinin təxminən üç onillik ərzində icra olunmamasının doğurduğu nəticələrin beynəlxalq səviyyədə sistemli şəkildə sənədləşdirilməsi və bu məsələnin BMT islahatları kontekstində gündəmə gətirilməsidir. Bununla bağlı hüquqi mexanizmlər tapılmalı və mümkün vasitələrlə iddia qaldırmaq mümkündür. Burada söhbət sadəcə kompensasiya tələbindən getmir. Daha fundamental məsələ ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası seçici yanaşmadan asılı olmamalı, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni qaydada işləməlidir. Azərbaycanın 30 illik təcrübəsi göstərdi ki, qətnamənin qəbul edilməsi ilə onun icrası arasında böyük boşluq yaranarsa, bunun bədəli illərlə davam edən münaqişə, insan faciələri və ölçüyəgəlməz iqtisadi itkilər ola bilər. Prezidentin bu məsələyə diqqət çəkməsi məhz həmin beynəlxalq hüquqi mexanizmlərin səmərəliliyinin yenidən nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüquq yalnız kağız üzərində təsbit edilmiş norma deyil, real nəticə doğuran və bütün tərəflər üçün eyni qaydada tətbiq olunan mexanizm olmalıdır. Bu baxımdan Azərbaycanın BMT qarşısında məsələ qaldırması, işğal dövründə yaranmış zərərin miqyasını beynəlxalq hüquq müstəvisində sənədləşdirməsi və BMT sisteminin belə halların təkrarlanmasının qarşısını almaq üçün hansı mexanizmləri dəyişdirməli olduğunu gündəmə gətirməsi tam əsaslı siyasi-diplomatik müzakirə mövzusu ola bilər. Azərbaycanın 30 illik təcrübəsindən çıxarılmalı əsas dərs budur. Beynəlxalq hüquq vaxtında işləmədikdə, onun gecikmiş tətbiqi dövlətlər və xalqlar üçün ağır nəticələr yaradır”.