AMİP-30

Deputat Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətindən DANIŞDI

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən ölkə ərazisində faydalı qazıntıların hasilatı və yer təki ehtiyatlarından istifadəyə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir. Monitorinqlərin əsas məqsədi mineral xammal ehtiyatlarından qanunvericiliyin tələblərinə uyğun və səmərəli istifadə olunmasını, hasilat prosesində qanunauyğunluğun və şəffaflığın təmin edilməsini, eləcə də yer təkinin mühafizəsinə nəzarətin gücləndirilməsidir. Baxışlar zamanı faydalı qazıntı yataqlarının mövcud vəziyyəti, hasilat işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, istifadə olunan ərazilərə dair sənədlərin mövcudluğu və fəaliyyətin yer təkinə və ətraf mühitə mümkün təsirləri araşdırılır. Xüsusilə qum-çınqıl, tikinti daşı və digər mineral xammal növlərinin hasilatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyəti monitorinqlər çərçivəsində diqqətdə saxlanılır.

Bu istiqamətdə aparılan yoxlamalar zamanı hasilatın müəyyən edilmiş ərazi və həcmlər çərçivəsində həyata keçirilib-keçirilmədiyi, müvafiq icazə və sənədlərin olub-olmaması, həmçinin yer təki ehtiyatlarından istifadə zamanı qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyi qiymətləndirilir.

Monitorinqlər zamanı aşkar olunan nöqsan və qanun pozuntuları sənədləşdirilir və onların xarakterindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Eyni zamanda, faydalı qazıntıların hasilatı zamanı ətraf ərazilərə və təbii landşaftlara mümkün mənfi təsirlərin qarşısının alınması da nəzarət tədbirlərinin əsas istiqamətlərindən biridir.

Agentliyin həyata keçirdiyi monitorinqlər yer təki ehtiyatlarının qorunması, onların qanuni və səmərəli istifadəsi, eləcə də faydalı qazıntı yataqlarının istismarında müəyyən edilmiş tələblərə əməl olunmasının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, faydalı qazıntılar ölkənin strateji təbii sərvətlərindən biridir və bu ehtiyatlardan istifadə zamanı əsas prinsip onların qanunvericiliyin tələblərinə uyğun, səmərəli və məsuliyyətli şəkildə istismar edilməsidir:

“Bu baxımdan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aparılan monitorinqlər mühüm əhəmiyyət daşıyır. Monitorinqlər yalnız mövcud qanun pozuntularının aşkarlanmasına deyil, eyni zamanda təsərrüfat subyektlərinin fəaliyyətinin müəyyən edilmiş qaydalara uyğun təşkil edilməsinə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Xüsusilə qum-çınqıl, tikinti daşı və digər mineral xammal yataqlarının istismarı zamanı nəzarətsiz və normadan artıq hasilat həm təbii ehtiyatların sürətlə tükənməsinə, həm də ətraf mühitə mənfi təsirlərə səbəb ola bilər. Buna görə də hasilat həcmlərinin, icazələrin, yataqların istismar sərhədlərinin və ekoloji tələblərə əməl olunmasının mütəmadi şəkildə yoxlanılması vacibdir”.

Deputat qeyd edib ki, burada şəffaflığın təmin edilməsi və müasir monitorinq imkanlarından istifadə də xüsusi rol oynayır:

“Bu istiqamətdə nəzarətin davamlı xarakter daşıması və qanunvericiliyin tələblərini pozan hallara adekvat tədbirlərin görülməsi təbii sərvətlərimizin qorunmasına mühüm töhfə verə bilər. Eyni zamanda məqsəd yalnız pozuntuları aşkar etmək deyil, sahibkarlıq subyektləri üçün aydın və şəffaf fəaliyyət mühiti formalaşdırmaq olmalıdır. Yer təki sərvətləri gələcək nəsillərə məxsus milli sərvətlərdir və onların istifadəsində iqtisadi maraqlarla yanaşı, ekoloji və ictimai maraqlar da mütləq nəzərə alınmalıdır”.

Ekologiya.az olaraq mineral xammal ehtiyatlarından səmərəli istifadə, ətraf mühitin qorunması və qanunsuz hasilatın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri diqqətdə saxlayacağıq.