Arzuxan Əlizadə: “Qafqaz Albaniyasının tarixi irsi beynəlxalq platformalara çıxarılmalıdır”
Qarabağda Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın çoxəsrlik tarixinin mühüm səhifələrindən biridir. Bu irsin beynəlxalq səviyyədə tanıdılması üçün, ilk növbədə, emosional və siyasi yanaşmalardan daha çox elmi sübutlara, arxeoloji materiallara, yazılı mənbələrə və memarlıq tədqiqatlarına əsaslanmaq lazımdır.
Bu sözləri Operativ Media-ya deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Qafqaz Albaniyası ilə bağlı mənbələrin müxtəlif elmi mərkəzlərdə araşdırılması və mövcud tədqiqatların sistemləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, beynəlxalq elmi ədəbiyyatda Qafqaz Albaniyasının tarixi ilə bağlı əsas mənbələrdən biri kimi Movses Kalankatlıya aid edilən “Albaniya tarixi” əsərinə müraciət olunur:
“Bu istiqamətdə konkret olaraq vahid elmi-tədqiqat proqramının hazırlanmasını, Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian abidələrinin tam inventarlaşdırılmasını, arxeoloji və memarlıq araşdırmalarının beynəlxalq mütəxəssislərin iştirakı ilə genişləndirilməsini vacib hesab edirəm. Abidələrin yaşı, tikinti xüsusiyyətləri, epiqrafik materialları, istifadə olunan memarlıq üslubu və müxtəlif tarixi dövrlərdə keçdiyi dəyişikliklər ayrı-ayrılıqda sənədləşdirilməlidir. Bu məlumatların Azərbaycan və xarici dillərdə açıq elmi bazalarda, kataloqlarda və akademik nəşrlərdə yayımlanması Azərbaycanın mövqeyinin elmi əsaslarla təqdim olunmasına imkan verər.
Digər mühüm məsələ isə beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsidir. Azərbaycanın tarixçi, arxeoloq və memarlıq üzrə mütəxəssisləri ilə yanaşı, müxtəlif ölkələrin universitetləri və elmi-tədqiqat institutlarının iştirakı ilə birgə ekspedisiyalar, konfranslar və nəşr layihələri həyata keçirilə bilər. UNESCO və ICOMOS kimi beynəlxalq platformalarda tarixi-mədəni irsin qorunması və sənədləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi də faydalı olar. Azərbaycanın məqsədi hər hansı tarixi mübahisəni siyasiləşdirmək deyil, mövcud irsi beynəlxalq elmi ictimaiyyətə obyektiv mənbələr, faktlar və peşəkar tədqiqatlar əsasında təqdim etmək olmalıdır. Azərbaycanın Şəki şəhərinin tarixində Qafqaz Albaniyası və erkən xristianlıqla bağlı məlumatların UNESCO sənədlərində də yer alması bu cür irsin beynəlxalq səviyyədə elmi və mədəni irs kontekstində təqdim edilməsinin mümkünlüyünü göstərir”.