AMİP-30

Partiya sədri məktəbli geyimləri ilə bağlı BƏYANAT VERDİ

“Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil. Eyni zamanda uşaqların sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını mənimsədiyi, məsuliyyət və aidlik hissinin formalaşdığı mühüm sosial institutdur. Bu baxımdan həm şagirdlərin məktəbli forması, həm də müəllimlərin vahid işgüzar geyim üslubu məsələsinə yalnız zahiri görünüş prizmasından yanaşmaq düzgün olmaz”.

Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, dövlət təhsil sisteminin dünyəvi xarakteri məktəbin bütün şagirdlər üçün neytral, təhlükəsiz və inklüziv mühit olmasını nəzərdə tutur. Məktəb müxtəlif sosial və ailə mühitlərindən gələn uşaqların bir araya gəldiyi ümumi təhsil məkanıdır. 

A.Əlizadə qeyd edib ki, burada əsas məqsəd uşaqların fərdiliyini məhdudlaşdırmaq deyil, təhsil müəssisəsinin funksiyasına uyğun, səliqəli, rahat və təhlükəsiz geyim mədəniyyəti yaratmaqdır.
Partiya sədri bildirib ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib və bunu manipulyasiya edib başqa istiqamətdə təqdim etmək düzgün deyil:

“Azərbaycanda dinə münasibət hər zaman yüksək səviyyədə olub, ölkədə dini etiqad azadlığı var və hər bir insan buna uyğun dini inanclarını qoruyub saxlayır, həmçinin geyinirlər. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Məktəblilər ancaq orta təhsilini başa vurub müstəqil həyata qədəm qoyduqda necə geyinəcəklərinə dair seçim edə bilərlər. Bu baxımdan da məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozulması tamamilə yanlış fikirdir”.

O əlavə edib ki, son dövrlərdə hicab məsələsinin müzakirə predmetinə çevrilməsində xarici siyasi təsirlərin rolu az deyil: 

“Bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar”.

Deputat onu da bildirib ki, məktəbdə vahid geyim yanaşması yalnız şagirdlərlə məhdudlaşmır: “Müəllim məktəbin yalnız bilik ötürən əməkdaşı deyil, həm də şagirdlər üçün davranış, ünsiyyət və peşəkarlıq nümunəsidir. Bu yanaşma həm də müəllimin peşəkar statusunun və təhsil müəssisəsinin nümayəndəsi kimi məsuliyyətinin önə çıxmasına şərait yaradır”.
AMİP sədrinin fikrincə, məktəbdaxili qaydalara əməl olunması həm şagirdlərin, həm müəllimlərin, həm də valideynlərin məsuliyyətini gündəmə gətirir.

“Bu qaydaların aydın olması və hamıya eyni prinsiplərlə tətbiqi sağlam təhsil mühitinin formalaşması üçün vacibdir”.