AMİP-30

Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT

Bakıda avtomobil toqquşması nəticəsində səkidə hərəkət edən piyadanın həyatını itirməsinən səbəb olan qəza yol hərəkəti təhlükəsizliyi və mövcud infrastrukturun vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib.

Belə hadisələrin qarşısının alınması üçün piyadaların hərəkət etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, səkilərin qoruyucu məhəccərlər və fiziki maneələrlə təchiz edilməsi, eləcə də qəza riskinin yüksək olduğu ərazilərdə əlavə tədbirlərin görülməsi vacib hesab olunur. Bəs Bakıda piyadaların təhlükəsizliyini artırmaq üçün yol infrastrukturunda hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda avtomobillərin toqquşması nəticəsində səkidə hərəkət edən piyadanın həyatını itirməsi olduqca faciəli hadisədir:

“Bu cür qəzalar yol hərəkəti təhlükəsizliyinə yalnız sürücülərin məsuliyyəti baxımından deyil, həm də yol infrastrukturunun nə dərəcədə təhlükəsiz qurulması baxımından yanaşmağın vacibliyini göstərir. Səki piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş ərazidir və insan orada hərəkət edərkən avtomobil qəzasının qurbanına çevrilmək təhlükəsi ilə üzləşməməlidir. Bu baxımdan, Bakıda yol infrastrukturunun yenidən qiymətləndirilməsi, təhlükəli yol sahələrinin müəyyənləşdirilməsi və piyadaların qorunmasına xidmət edən tədbirlərin gücləndirilməsinə ehtiyac vardır. Bu istiqamətdə görülməli olan əsas işlərdən biri səkilərlə avtomobil yolları arasında təhlükəsizlik baryerlərinin yaradılmasıdır. Xüsusilə nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdə, yolayrıclarında, piyada keçidlərinin yaxınlığında və insanların sıx toplaşdığı ərazilərdə qoruyucu dirəklərin və digər fiziki maneələrin quraşdırılması mühüm əhəmiyyət daşıyır. Belə maneələr avtomobilin idarəetmədən çıxaraq birbaşa səkiyə daxil olması riskini azalda, qəza baş verdiyi halda piyadalar üçün əlavə müdafiə təmin edə bilər. Təbii ki, bu vasitələr bütün qəzaların qarşısını almaq imkanına malik deyil, lakin düzgün seçildikdə və standartlara uyğun quraşdırıldıqda insan həyatının qorunmasına ciddi töhfə verə bilər”.
Deputat bildirib ki, Bakıda bu cür tədbirlərə xüsusilə nəqliyyat sıxlığının yüksək olduğu mərkəzi küçələrdə, geniş avtomobil yollarının piyadaların hərəkət etdiyi ərazilərlə birləşdiyi hissələrdə, məktəblərin, xəstəxanaların, metro stansiyalarının və ticarət mərkəzlərinin ətrafında ehtiyac var:
“Bununla yanaşı, yalnız fiziki maneələrin quraşdırılması ilə kifayətlənmək olmaz. Sürət həddinə nəzarət gücləndirilməli, piyada keçidləri düzgün təşkil edilməli, yol nişanlanması yenilənməli və qəza hallarının daha çox baş verdiyi ərazilər mütəmadi təhlil olunmalıdır. Burada əsas məqsəd qəzadan sonra nəticələri aradan qaldırmaq deyil, qəzanın baş verməsi və insan həyatına son qoyması ehtimalını əvvəlcədən minimuma endirmək olmalıdır”.