AMİP-30

İran-ABŞ danışıqları: Etimadsızlıq və hərbi eskalasiya riski

İranın ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu bəyan etməsi iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, uzun illərdir davam edən qarşılıqlı etimadsızlıq, sanksiyalar və nüvə proqramı ətrafında fikir ayrılıqları mümkün razılaşmanın əldə olunmasını çətinləşdirir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, İranın danışıqlara hazır olması müsbət mesaj kimi qiymətləndirilsə də, bu, tərəflər arasında real razılaşmanın əldə olunacağı anlamına gəlmir:


“Nəticə əldə etmək üçün tərəflər qarşılıqlı öhdəliklər götürməli və razılaşmaların icrasına təminat verməlidirlər. İran və ABŞ arasında uzun illərdir davam edən qarşılıqlı etimadsızlıq, sanksiyalar, nüvə proqramı ilə bağlı fikir ayrılıqları və regional təhlükəsizlik məsələləri münasibətlərin normallaşmasına mane olan əsas amillərdir. Danışıqların yenidən başlaması üçün ilk növbədə tərəflər konkret öhdəliklər üzərində razılığa gəlməlidirlər. ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların taleyi, İranın nüvə proqramı ilə bağlı təminatlar və beynəlxalq nəzarət mexanizmləri müzakirələrin əsas istiqamətləri ola bilər. Tərəflər birtərəfli güzəştlər gözləməməli, qarşılıqlı etimadın mərhələli şəkildə bərpasına çalışmalıdırlar”.