AMİP-30

Deputat: İcra hakimiyyətləri balanslarına verilən yaşıllıqların qorunmasına görə məsuliyyət daşıyırlar

Azərbaycanda bəzi magistral yolların kənarında yerləşən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilib. Lakin bu dəyişiklikdən sonra həmin ərazilərdə yaşıllıqlara qulluq və ağacların mühafizəsi ilə bağlı problemlərin olduğu bildirilir. Bir sıra yolkənarı ərazilərdə ağacların quruması, vaxtında suvarılmaması və lazımi aqrotexniki qulluq göstərilməməsi yaşıllıqların vəziyyəti ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, ağacların idarə edilməsinin yerli icra hakimiyyətlərinə verilməsinin nəticələri, qurumların məsuliyyəti və mövcud problemlərin həlli məsələsi aktuallaşır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, magistral yolların kənarında yerləşən ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilməsindən sonra həmin ərazilərdə yaşıllıqlara qulluqla bağlı problemlərin yaranması, ilk növbədə, idarəetmə və nəzarət mexanizmlərinin nə dərəcədə düzgün təşkil olunması məsələsini gündəmə gətirir:

“Əgər hər hansı ərazi və oradakı yaşıllıqlar bir qurumun balansına verilirsə, həmin qurum bununla bağlı konkret öhdəlik və məsuliyyət də daşımalıdır. Ağacların vaxtında suvarılmaması, aqrotexniki qulluq göstərilməməsi və nəticədə quruması idarəetmədə ciddi nöqsanların mövcudluğundan xəbər verir. Burada əsas problemlərdən biri yerli icra hakimiyyətlərinin bu işi həyata keçirmək üçün lazımi maliyyə, texniki imkanlara və mütəxəssis potensialına malik olub-olmamasıdır. Ağacların qorunması yalnız onların balansda qeydiyyata alınması ilə bitmir. Bunun üçün mütəmadi monitorinq aparılmalı, suvarma sistemi qurulmalı, mövsümi qulluq işləri həyata keçirilməli və ağacların sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Əgər bu istiqamətdə lazımi resurslar və təşkilati mexanizmlər təmin edilməyibsə, balans dəyişikliyi formal xarakter daşıyacaq və nəticədə yaşıllıqların vəziyyəti daha da pisləşəcək”.

Deputat qeyd edib ki,  yerli icra hakimiyyətləri balanslarına verilmiş yaşıllıqların qorunmasına və saxlanılmasına görə məsuliyyət daşıyırlar:

“Ağacların qəsdən məhv edilməsi, qanunsuz kəsilməsi və ya digər qanun pozuntuları müvafiq qanunvericilik çərçivəsində hüquqi məsuliyyət yarada bilər. Eyni zamanda, vəzifəli şəxslərin öz xidməti öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaşıllıqlara zərər dəydiyi müəyyən olunarsa, bu məsələyə hüquqi qiymət verilməlidir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu prosesdən kənarda qalmamalı, müvafiq monitorinq və ekoloji nəzarət mexanizmlərini həyata keçirməlidir. Çünki söhbət ayrı-ayrı qurumların balansında olan ağaclardan deyil, ölkənin ekoloji təhlükəsizliyi və yaşıl mühitin qorunmasından gedir. Bu səbəbdən məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməli, qulluq göstərilməyən ərazilərlə bağlı araşdırmalar aparılmalı və təqsirkar şəxslər qanun qarşısında cavab verməlidirlər”.