Dövlət Bağçalı Azərbaycana gəlir: Dünyaya hansı mesajları verəcək?
Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.
O qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır:
“Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək”.
Bu baxımdan, səfərin hansı siyasi və strateji nəticələrə yol aça biləcəyi də maraq doğurur.
Bəs bu səfər fonunda iki ölkə arasında hansı məsələlərin müzakirəsi gözlənilir?
Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının Azərbaycana səfərinin tarixi hələ məlum olmasa da, belə bir səfərin baş tutması son dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərində yaranmış anlaşılmazlıqların və incikliklərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edə bilər:
“Dövlət Baxçalı Türkiyə siyasi ideologiyasının sütunlarından biri olan partiyaya rəhbərlik edir və böyük nüfuza malikdir. Milliyyətçi Hərəkat Partiyası türk dünyasının inteqrasiyası və birliyini özünün prioritet hədəflərindən biri hesab edir və bu siyasətin uğurlu olmasında Azərbaycanın xüsusi önəminə diqqət yetirir.
Dövlət Baxçalının Bakıya gözlənilən rəsmi səfəri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının dərin və möhkəm təməl üzərində qurulduğunu, hansısa məzhəbçiliyin, təfriqəçi qüvvələrin, nifaq toxumu səpənlərin bu sarsılmaz əlaqələrə təsir göstərə bilməyəcəyi mesajını da vermiş olacaq.
Bəzi incikliklərə rəğmən, Bakı-Ankara münasibətləri strateji müstəvidə davam etdiriləcək. İki dövlət başçısının verdiyi bəyanatlarda da həmin xətt geniş şəkildə vurğulanır. Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi ilə əməkdaşlıq müttəfiqlik səviyyəsinə qaldırılıb.
Bu müttəfiqlik regionda sülhün və təhlükəsizliyin qorunmasında, həmçinin inteqrasiyanın gücləndirilməsində böyük önəm daşıyır. Türkiyənin son dövrlərdə beynəlxalq aləmdə artan gücü və rolu, atdığı addımlar onun rəqiblərini də hərəkətə keçirib. Ankaraya qarşı bəzi əməkdaşlıq formatları da yaradılır.
Aydındır ki, praqmatik siyasi xətt əvəzinə, təkcə dini faktoru üstün tutmaqla hədəflərə çatmaq mümkün görünmür. Əksinə, bəzən bu, yaxın dost və müttəfiqlərin ehtiyatlı davranış sərgiləməsinə səbəb olur. Xüsusilə də Türk Dövlətləri Təşkilatında dini faktorun ön plana çəkilməsi, fikrimcə yanlış yanaşmadır. Eyni zamanda, böyük qardaş prinsipi ilə deyil, bərabərhüquqlu münasibətlər, qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipləri əsas götürülməlidir.
Azərbaycan türk dünyasının birliyi, inteqrasiyası və təhlükəsizliyində açar rolunu oynayır. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının yaradılması təşəbbüsünün reallaşması da Azərbaycanın səyləri nəticəsində mümkün olub.
Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda baş verən sürətli proseslər və beynəlxalq güclərin diqqətinin artdığı indiki dövrdə Bakı hər iki regionda fəal oyunçudur və mövqeyini möhkəmləndirməkdədir.
Türkiyənin də Cənubi Qafqazda və Mərkəzi Asiyada rolunun artması məhz Azərbaycanın üzərindən baş verir. Odur ki, Baxçalının Bakıda müzakirə edəcəyi məsələlər arasında bu məqamlar da ən vacib detallardan olacaq”.
O qeyd edib ki, səfərin gündəliyi zəngin və çoxşaxəli olacaq, bundan sonrakı əməkdaşlığın möhkəmləndirilməsinə müsbət impuls verəcək.