AMİP-30

Arzuxan Əlizadə: Azərbaycan-Özbəkistan dostluğu türk dünyasının gücünü daha da artıracaq

Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm tarixi və siyasi hadisədir.

Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, sənəd yalnız mövcud dostluq münasibətlərinin hüquqi baxımdan möhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın daha geniş və uzunmüddətli perspektivlər əsasında qurulması deməkdir.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanı ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır.

Arzuxan Əlizadə hesab edir ki, müqavilə iki ölkə arasında siyasi dialoqu daha da gücləndirəcək, qarşılıqlı etimadı artıracaq və əlaqələri yeni mərhələyə daşıyacaq.

Deputat Azərbaycanın Mərkəzi Asiya regionunda siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsi baxımından Özbəkistanla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirib ki, Mərkəzi Asiya beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyətini getdikcə artırır. Azərbaycan isə Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağı kimi bu proseslərdə vacib rol oynayır.

“Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi potensialına əlavə imkanlar qazandıra bilər”, – deyə deputat vurğulayıb.

Arzuxan Əlizadə Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın güclənməsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə də müsbət təsir göstərəcəyini bildirib.

Onun fikrincə, türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi bütövlükdə türk dünyasının beynəlxalq mövqelərini gücləndirən mühüm amildir.

Deputat əlavə edib ki, müasir geosiyasi şəraitdə milli maraqların qorunması, regional təhlükəsizliyin təmin edilməsi və beynəlxalq platformalarda uzlaşdırılmış mövqedən çıxış etmək xüsusi əhəmiyyət kəsb edir.

Arzuxan Əlizadə hesab edir ki, müqavilənin əhəmiyyəti yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, onun müddəaları real iqtisadi və siyasi nəticələrə çevrilməlidir.

“Bunun üçün hökumətlərarası əməkdaşlığın genişləndirilməsi, konkret iqtisadi layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı istiqamətində ardıcıl addımlar atılmalıdır”, – deyə deputat qeyd edib.

Sonda Arzuxan Əlizadə əminliyini ifadə edib ki, Azərbaycan və Özbəkistanın qarşılıqlı etimada, ortaq maraqlara və strateji tərəfdaşlığa əsaslanan münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və bu əməkdaşlıq bütövlükdə türk dünyasının güclənməsinə xidmət edəcək.