AMİP-30

COP31-də əsas hədəf iqlim öhdəliklərinin real nəticələrə çevrilməsidir – Deputat

“Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim gündəliyinin ən mühüm tədbirlərindən biridir. Bu konfransın əhəmiyyəti yalnız iqlim dəyişmələrinin müzakirəsi ilə məhdudlaşmır. Əsas məsələ dövlətlərin üzərinə götürdüyü ekoloji öhdəliklərin real nəticələrə çevrilməsi, qlobal istiləşmənin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində konkret mexanizmlərin müəyyənləşdirilməsidir”.

Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib.

O deyib ki,  COP31 çərçivəsində iqlim maliyyələşməsi, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, su və ərzaq təhlükəsizliyi, eləcə də iqlim dəyişmələrinə uyğunlaşma məsələlərinin ön plana çıxacaq:

“Xüsusilə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin fəsadları ilə mübarizə aparması üçün maliyyə və texnoloji dəstəyin artırılması vacibdir. Çünki iqlim böhranı ayrı-ayrı dövlətlərin səyləri ilə həll edilə biləcək problem deyil. Bunun üçün beynəlxalq həmrəylik, ortaq məsuliyyət və siyasi iradə lazımdır. Konfransın uğuru qəbul edilən bəyanatların sayından daha çox, həmin qərarların nə dərəcədə həyata keçirilməsindən asılı olacaq.

Azərbaycanın bu prosesdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında rolunu və qlobal məsələlərin həllinə töhfə vermək imkanlarını nümayiş etdirdi. Bakı konfransında iqlim maliyyələşməsi ilə bağlı əldə olunan razılaşmalar, Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyiş və İtki və Zərər Fondunun fəaliyyətinin gücləndirilməsi mühüm nəticələr idi. Bu təcrübə Azərbaycanın beynəlxalq danışıqların təşkilində, müxtəlif mövqelərin uzlaşdırılmasında və qlobal əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynaya biləcəyini göstərdi.

Eyni zamanda, Azərbaycan yaşıl enerji potensialına malik ölkə kimi bu sahədə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonalarının yaradılması, günəş və külək enerjisi layihələrinin inkişafı, enerji səmərəliliyinin artırılması ölkəmizin ekoloji siyasətinin mühüm istiqamətlərindəndir. COP29 təcrübəmizdən istifadə edərək bu imkanları beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və yeni investisiyaların cəlb olunması baxımından dəyərləndirməliyik.

Hesab edirəm ki, COP31-in əsas nəticəsi qlobal iqlim öhdəliklərinin praktik addımlarla möhkəmləndirilməsi olmalıdır. İqlim dəyişmələri artıq gələcəyin problemi deyil, bu gün bəşəriyyətin üzləşdiyi ciddi təhlükədir. Buna görə də dövlətlər siyasi və iqtisadi maraqlarından asılı olmayaraq, gələcək nəsillərin sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququnu qorumaq üçün birgə fəaliyyət göstərməlidirlər”.