AMİP-30
arzuxan

“Koçaryan, Sarkisyan kimi cinayətkarların təhvili tərəflər arasındakı gələcək münasibətlərə müsbət təsir göstərə bilər” – DEPUTAT

“Bu gün Xocalı faciəsinin 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində böyük soyqırımı aktı həyata keçirildi. Bu cinayət təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütövlükdə bəşəriyyətə qarşı törədilmiş akt idi”.

Bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputatın sözlərinə görə, Ermənistan ölkəsində Azərbaycana qarşı soyqırımı törətmiş cinayətkarları təhvil verəcəyi təqdirdə tərəflər arasında irəliləməkdə olan sülh prosesi daha da güclənə bilər:

“Bu cinayətə yol vermiş şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Düzdür, bu cinayətkarların bir qismi mühakimə olunub, lakin hələ də Koçaryan, Sarkisyan və digərləri azadlıqdadır. Biz bölgədə sülh prosesini davam etdirməklə yanaşı, eyni zamanda Ermənistandan tələb etməliyik ki, bu şəxsləri Azərbaycana təhvil versin. Bu, gələcək münasibətlərin müsbət məcrada formalaşmasına da təsir göstərə bilər”.

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə aparılan və aparılacaq işlərə də toxunub:

“Bu gün biz əvvəlki illərdən fərqli olaraq Xocalı soyqırımını başqa bir reallıq fonunda anırıq. Çünki Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə nəticəsində Xocalı işğaldan azad olunub və ərazi bütövlüyümüz tam bərpa edilib. Xocalıda, eləcə də digər işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qismi artıq doğma yurdlarına qayıdıb. Xocalıya yenidən həyat gəlib. Qarşıdakı mərhələdə də işğaldan azad edilmiş ərazilər tam məskunlaşdırılacaq, infrastruktur layihələri davam etdiriləcək”.

A. Əlizadə Xocalı və digər faciələrdə günahkar olan şəxslərin cəzalandırılmasının vacibliyini də vurğulayıb:

“Bütün bu proseslərlə yanaşı, xalqımızın üzləşdiyi faciələri unutmamalıyıq. Bu hadisələrin səbəbkarlarının cəzalandırılması istiqamətində fəaliyyət davam etdirilməlidir. Azərbaycan xalqı öz gücü ilə torpaqlarını işğaldan azad etdiyini və ədaləti bərpa etdiyini bütün dünyaya göstərdi. Bundan sonrakı dövrdə də həmin cinayətkarların məsuliyyətə cəlb olunması prosesi davam etməlidir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə iştirak edən şəxslər ədalət mühakiməsindən kənarda qalmamalıdır”.

Deputat sonda Azərbaycan xalqına başsağlığı verib:

“Başımız sağ olsun. Allahdan həm Xocalı qurbanlarının, həm də bu vaxta qədər Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın ruhuna rəhmət diləyir, onların xatirəsini ehtiramla yad edirik”.