Naxçıvana hücumun pərdəarxası — Bakıdan sərt MESAJ
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib. Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı “Arash-2” tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir. Həmçinin, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, İran növbəti dəfə özünün xəyanətkar mövqeyini nümayiş etdirdi:
“Onsuz da Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İran Azərbaycana yönəlmiş düşmən mövqe sərgiləməkdə davam edib. Xüsusilə də biz bunu torpaqlarımız işğal altında olan müddətdə gördük, İkinci Qarabağ savaşı dönəmində gördük. Azərbaycan əsgəri ərazilərini işğaldan azad etmə prosesində Azərbaycan ərazisində İran hərbçilərini gördü və o hərbçilər ki, ermənilərə dəstək nümayiş etdirmək üçün gəlmişdi. Elə illər boyu da adında İslam sözü olan bu qondarma dövlət, İran adlanan dövlət, faktiki olaraq İslam dinini dünyada çox pis formada, terrorçu din kimi təqdim etməklə İslam dünyasına düşmən mövqe sərgiləyib. Bütövlükdə Azərbaycan ərazisində 65 məscidimiz dağıdılmasına rəğmən, həmin məscidləri dağıdan, İslam dininə düşmən olan işğalçılara dəstək vermək elə işğala dəstək vermək və həmin o düşmənlərə, işğalçılara dəstək vermək anlamındaydı. Sonrakı dönəmdə də iki il bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə edilən xaincəsinə terror aktının şahidi olduq. Uzun müddət ərzində bunu gizlətmək, malalamaq istədilər, amma nəhayət etibarilə biz ona nail olduq ki, etiraf etməli oldular. Amma bu terrorun arxasında da o vaxt İran dövləti dayanırdı, SEPAH dayanırdı. Bunu o zaman da demişik, bu gün də təkrarlanır fikirlərimiz. Naxçıvana edilən terror aktı növbəti dəfə İranın iç üzünü, xəyanətkar üzünü ortaya qoymuş oldu. Azərbaycanın onlara elədiyi bütün yaxşı münasibətə rəğmən, Azərbaycana qarşı bu cür mövqe sərgiləmək, təbii ki, heç bir çərçivəyə sığmır. Xəyanətin və nadanlığın, nankorluğun nümunəsidir bir mənalı olaraq”.
Deputat qeyd edib ki, bu cavabsız qalmamalıdır, cavabı verilməlidir:
“Ən yüksək səviyyədə Azərbaycan dövlət başçısı dərhal Təhlükəsizlik Şurasını çağırdı və Azərbaycan ordusu hərbi hazırlıq vəziyyətinə gətirilib. Biz Azərbaycana qarşı olan qüvvələrin başını dəmir yumruqla əzmişik. İran da bundan nəticə çıxarmayıbsa, öz üzərində də bunu görəcək. İranın molla rejimi, o rejim ki, Cənubi Azərbaycanda yaşayan 40 milyondan artıq bacı-qardaşımızı illər boyu əsarət altında saxlayıb. Öz ana dillərində təhsil almaq hüququndan belə məhrum edib, bu gün Cənubi Azərbaycanda olan soydaşlarımız artıq ayaq üstədirlər. Və bu qondarma rejim anlamalıdır ki, onların ayağa qalxmağı ilə tamamilə yeni dönəm formalaşmış olacaq. Hər zaman İrana normal münasibət sərgilənməsini təşviq etmişik. Təkcə sözümüzdə deyil, əməlimizdə bunu sübut etmişik, amma qarşılığında bu cür xəyanət görürüksə, təbii ki, xəyanətkara qarşı nə lazımdırsa o tədbirlər də görülməlidir və görüləcək, bir mənalı olaraq görüləcək. Azərbaycan Prezidenti də mövqeyini açıqladı. Elə həmin gün edilən xahiş müqabilində, İrana edilən yaxşılığın müqabilində əgər bu addım atılırsa, təbii ki, bu rejim artıq xəyanətin içindədir və başqa mövqe sərgiləmək imkanlarından da məhrumdur. Bu həm də həmin rejimin aqoniyasıdır. Dünən Türkiyəyə, bu gün Azərbaycana, ondan qabaq Körfəz ölkələrinə qarşı sərgilədiyi mövqe əslində öz ərazisini qorumaq anlamında deyil, bütün qonşu ölkələrlə, region ölkələri ilə savaşa qalxmaq və bütün regionu müharibəyə bürüməklə özünün mövcudluğunu hansısa formada qoruyub saxlamaq məqsədi güdür. Bu məqsədlərinə nail olmayacaqlar. Bu rejimin sonudur. Azərbaycana yönəlmiş sərgilədiyi növbəti düşmən və xəyanət mövqeyi təbii ki, İran üçün çox baha başa gələcək”.