AMİP-30

Deputatların 1 aprel zarafatları – SORĞU

1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir. 

Bu gün insanlar bir-birinə zarafat edərək, yalan xəbərlər yayaraq əylənirlər. Məhz bu günlə bağlı bir qisim millət vəkilinə başlarına gələn maraqlı hadisələri soruşduq.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, son illərdə 1 aprel ilə bağlı onu aldatmaq üçün ciddi zarafat cəhdləri olmayıb:

“Nəsə yadıma gəlmir ki, son illərdə məni 1 aprel günü ilə bağlı zarafatla aldatma cəhdləri olsun. Amma əvvəllər belə hallar olub. Xüsusilə bir neçə il əvvəl. Həmin dövrlərdə görünür dostlar yaşla əlaqədardır bəlkə də daha pozitiv idilər, ya bu gün daha çox gündəmdə idi. Son illər isə mənə elə gəlir ki, bəlkə də yanılıram, əvvəlki kimi bu günün “dadını çıxarmırlar”.

Ən azı mənim yaxın ətrafımda belədir. Nə sirrdirsə, bu gün yüngülvari cəhd oldu. Amma dərhal anladım ki, bu, 1 aprel zarafatıdır. Çünki artıq əvvəldən belə fikir formalaşıb və bu gün deyilən sözlərin zarafatla yalan ola biləcəyi ehtimalını bilirəm. Elə səhərdən gün başlayandan bunun fərqində olmuşam. Baxmayaraq ki, uzun illər belə cəhdlər olmamışdı, bu il nədənsə yenidən oldu və mən də bunun zarafat olduğunu dərhal bildim.

Ümumiyyətlə, insanların daha pozitiv olmasını arzulayıram. Araşdırmalar da göstərir ki, yumor hissi güclü olan insanlar adətən yüksək intellektə malik olurlar. Arzu edirəm ki, hər kəs yüksək intellektə və güclü yumor hissinə sahib olsun.

İnsanlarımız pozitiv olsun, bir-biri ilə zarafatlaşacaq qədər əhvalları yaxşı olsun. Təkcə 1 aprel günü deyil, digər günlərdə də hər kəsə pozitiv olmağı və zarafatlaşmağı arzulayıram”.