AMİP-30

Uşaqlarımızın beyninə hansı mesajlar ötürülür? – Deputatdan mühüm açıqlama

Böyük Britaniyada bəzi deputatların Rusiyada istehsal olunan “Maşa ilə Ayı” cizgi filminin təbliğat vasitəsi olduğu iddiası ilə qadağan edilməsini təklif etməsi, uşaqlar üçün xarici cizgi filmlərinin milli təhlükəsizlik və ideoloji təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu fonda Azərbaycanda da oxşar nəzarət mexanizmlərinin yetərli olub-olmaması məsələsi aktuallaşıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə ANZ.AZ-a açıqlama verib.

“Uşaqların izlədiyi cizgi filmləri sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda onların dünyagörüşünün, davranış modelinin və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm informasiya mənbəyidir. Bu baxımdan müxtəlif ölkələrin uşaqlara təqdim olunan audiovizual məzmuna həssas yanaşması təbiidir. Lakin hər hansı cizgi filminin siyasi mülahizələrlə qiymətləndirilməsi hər bir dövlətin öz təhlükəsizlik siyasətindən və yanaşmasından irəli gələn məsələdir.

Azərbaycan üçün əsas prioritet uşaqların yaş xüsusiyyətlərinə uyğun, sağlam mənəvi dəyərləri, milli-mədəni kimliyi və ailə institutunu təşviq edən məzmunun artırılması olmalıdır. Vaxtilə ölkəmizdə “Tıq-tıq xanım”, “Cırtdan” və digər milli nağıl və əsərlər əsasında cizgi filmləri hazırlanır, uşaqların tərbiyəsində mühüm rol oynayırdı. Təəssüf ki, son illərdə bu istiqamətdə istehsal əvvəlki dövrlərlə müqayisədə zəifləyib və xarici məhsullar yerli kontentin yerini tutub.

Hesab edirəm ki, əsas məqsəd qadağaları artırmaqdan daha çox, keyfiyyətli yerli cizgi filmlərinin istehsalını genişləndirmək, eyni zamanda uşaqlar üçün yayımlanan xarici məzmunun mütəmadi monitorinqini həyata keçirmək olmalıdır. Əgər hər hansı məhsul zorakılığı, aqressiyanı, yad ideologiyaları və ya milli-mənəvi dəyərlərə zidd mesajları təbliğ edirsə, onun yayımına müvafiq qaydada məhdudiyyət qoyulması nəzərdən keçirilə bilər. Bu, senzura deyil, uşaqların informasiya təhlükəsizliyinin və sağlam inkişafının təmin edilməsi baxımından vacib yanaşmadır.

Ümumilikdə, Azərbaycanın gələcək informasiya siyasətində milli animasiya sənayesinin inkişafına daha çox diqqət ayrılması, yerli müəlliflərin və studiyaların dəstəklənməsi uşaqların milli ruhda tərbiyəsinə, dilimizin və mədəniyyətimizin təbliğinə mühüm töhfə verə bilər.”